Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm addımlar nəticəsində ölkəmiz hər il dünya reytinq cədvəllərində daha da irəliləyir, bir çox dünya ölkələrini geridə qoyur. Məhz bunun nəticəsidir ki, "U.S.News" jurnalında dərc olunan reytinq siyahısında da Azərbaycan dünyanın 80 ən güclü ölkələri arasında 45-ci yerdə qərarlaşıb. Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrlərinə görə Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri geridə qoyan Azərbaycanın uğurları onu qısa müddətdə inkişaf etmiş ölkələr sırasına daxil olmaq məqsədinə daha da yaxınlaşdırır.
Azərbaycanı irəliyə aparan addımlarla bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev söyləyib ki, ümumiyyətlə, son illər ölkəmiz dünyanın müxtəlif reytinq cədvəllərində, beynəlxalq təşkilatlar tərəfindən müəyyənləşdirilən ölkə sıramalarında irəliləyir.
O bildirib ki, Azərbaycan reytinq cədvəllərində müxtəlif parametrlərə görə hətta ilk onluqda yer alır: “Xüsusilə də sahibkarlıq, biznesin inkişafı ilə bağlı ölkədə yaradılan şərait və dəstəyə, sosial xidmətlərə əl çatanlığa görə ölkəmiz ilk pillələrdə qərarlaşıb. Azərbaycan bu istiqamətlərə görə, hətta MDB məkanında birinci yerdədir. Digər indekslər də var ki, orada da ölkəmizin mövqeyi ildən-ilə daha da yaxşılaşır. Xüsusilə də “Bisness Douing” hesabatına görə, Azərbaycan 35-ci yerdə qərarlaşıb”.
2018-ci ilin ikinci yarısında Azərbaycanda dərin iqtisadi islahatlara başlandığını xatırladan YAP Siyasi Şurasının üzvü sözügedən dövrdə həm gömrük, vergi sahəsində şəffaflaşma prosesində, həm də qanunvericilik təminatında ciddi dəyişikliklərin edildiyini dilə gətirib: “Atılan addımlar nəticəsində vətəndaşların sahibkarlara çıxışı daha da asanlaşıb və sağlam rəqabət şəraiti təmin olunub. Bunun davamı olaraq, 2019-cu ilin ilk yarısında cənab Prezidentin 30-a yaxın sərəncam və fərmanlarını əhatə edən mühüm islahatlar zərfi qəbul olundu. Nəticədə vətəndaşlarımızın, demək olar ki, bütün kateqoriyadan olan insanların həyat şəraiti yaxşılaşdı. Pensiyalar, əmək haqları, yaşayış minimumu, minimum əmək haqları artdı, təqüdlər yüksəldi. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəldilməsi dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin tərkib hissəsi kimi qiymətləndirilir və bütün bunlar ölkəmizin beynəlxalq reytinqlərdə yerinin yüksəlməsinə müsbət təsir edir”.
M.Quliyev söyləyib ki, “U.S.News" jurnalında dərc olunan reytinq siyahısında da Azərbaycan dünyanın 80 ən güclü ölkələri arasında 45-ci yerdə qərarlaşması uzun illər Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan uğurlu siyasətin nəticəsidir: “Belə ki, neft gəlirlərinin qeyri-neft sektoruna qoyulması nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunub. Bununla yanaşı, Azərbaycan insan kapitalı inkişafı indeksinə görə də xeyli irəliləyib. Ölkəmizdə aparılan yeni islahatlar zamanı qarşıya qoyulan məqsədlərdən biri Azərbaycanın yaxın illərdə dünyanın inkişaf etmiş ölkələr sırasına daxil olmasıdır. 80 ən güclü ölkələri arasında 45-ci yerdə olmaq bu məqsədin ilkin göstəricilərdir”.
Deputat qeyd edib ki, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu siyasət, ölkədəki sabitlik, əhalinin tam böyük əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi, qeyri-neft sekorunun ildən-ilə inkişafı, son dövrlərdə struktur, institutsional islahatların həyata keçirilməsi, korrupsiya, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, o cümlədən qeyri-neft sektorunda kənd təsərrüfatının inkişafı, intensivliyin artması Azərbaycanın yaxın illərdə dünyanın inkişaf etmiş ölkələr sırasına daxil olmasına şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB