Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi anılıb

Sankt-Peterburqun tanınmış ictimai xadimləri, ziyalıları və Azərbaycan diasporunun nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini Ulu Öndərin Qaroxovaya küçəsindəki xatirə lövhəsinin qarşısında anıblar.

SİA xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilən anım mərasiminin iştirakçıları həmvətənlərimiz, diplomatlar və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvləri görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Sultan Qasımov Azərbaycan xalqının ümummilli lideri, həyat və fəaliyyətini vətənin rifahına həsr etmiş Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi islahatlardan söhbət açıb. Baş konsul bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir və onun bizə bəxş etdiyi müstəqil dövlət sarsılmazdır.

Sultan Qasımov məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu və xalqın tərəqqisi naminə genişmiqyaslı layihələrin həyata keçirildiyini xatırladıb. Diplomat qeyd edib ki, bu gün dövlətimiz sürətlə inkişaf edir. Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev Azərbaycanın inkişafı, müstəqilliyimizin təminatı naminə uğurlu daxili və xarici siyasət kursunu davam etdirir, ölkədə köklü islahatlar həyata keçirilir. Dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ-də rəhbər vəzifələrdə çalışanda Azərbaycanla yanaşı, bütün Sovet İttifaqının iqtisadiyyatının və mədəniyyətinin inkişafına böyük töhfələr verib. Baş konsul, həmçinin rusiyalıların Heydər Əliyevin siyasi xadim kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini, Ulu Öndərin uzaqgörən siyasətinin, Rusiya və digər xarici ölkələrdə yaşayan həmvətənlərimizə göstərdiyi diqqətin soydaşlarımızın birliyinə və xalq diplomatiyasının inkişafına səbəb olduğunu vurğulayıb. Qeyd edilib ki, müstəqil Azərbaycanın hüquqları və xalqın mənafeləri məhz Heydər Əliyev tərəfindən beynəlxalq aləmdə, nüfuzlu təşkilatlarda müdafiə olunub. Ümummilli Liderin sarsılmaz iradəsi nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənib.

Baş konsul vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqət yetirib və bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ikitərəfli münasibətlər, çoxşaxəli əməkdaşlıq və strateji tərəfdaşlıq yeni müstəviyə keçib.

Sankt-Peterburqda fəaliyyət göstərən “Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Vaqif Məmişov və diaspor fəallarımız çıxış edərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun artmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin qurulmasında və xaricdə yaşayan həmvətənlərimizin vahid diaspor olaraq təşkilatlanmasında Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd ediblər.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan həmvətənlərə, o cümlədən Azərbaycanın gələcəyi olan gənclərimizin təhsilinə, ölkə mədəniyyətinin təbliğinə, iqtisadi inkişafa və digər vacib sahələrə göstərdiyi xüsusi diqqət bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.

Mərasimin sonunda həmvətənlərimiz ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub, xatirə şəkilləri çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...