Ermənilərin bu addımı yalnız ictimai rəyi formalaşdırır ÖZƏL MÜNASİBƏT

“Amerika Birləşmiş Ştatları kimi bir ölkənin konqresi hadisələri öyrənmədən, xüsusi ilə də tarixi hadisələri bilmədən məsələyə qiymət verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseyinli deyib.

Məsələyə tarixi aydınlıq gətirən politoloq 1915- ci ildə Anadolu yarımadasında rus ordusunun Türkiyə ordusuna hücum etdiyini xatırladıb.

O bildirib ki, həmin dövrdə ermənilər, ruslardan silah alaraq, Türkiyəyə qarşı vuruşub: “Burjua demokratik inqilabından sonra ruslar tələsik Türkiyə ərazisini tərk edərək öz ölkəsinə qayıdıblar. Elə həmin zaman Osmanlı imperiyası bölgədə yaşayan əhalinin köçürülməsi haqqında qərar qəbul etdi və köçürülmə prosesinin böyük bir hissəsi qatarlarla, müəyyən hissəsi həyata keçirilirdi. Məlum dövrdə yolda 70 minə qədər insan malyariya və digər xəstəlikdən dünyasını dəyişmişdi”.

Politoloq söyləyib ki, nəticə etibarı ilə Şərqi Anadoluda 700 min ermənin yaşamasına baxmayaraq, hadisədən 30 il keçəndən, xüsusilə də ikinci dünya müharibəsindən sonra guya 1915-ci ildə nə az, nə çox 1,5 milyon nəfər erməninin “soyqırıma” məruz qaldığını iddia etdilər: “Halbuki, həmin ərazidə 1,5 milyonun yarısından da az əhali yaşayırdı. 700 min insandan 1,5 milyon insanı necə qırmaq olardı? Onların 500 mindən çoxu Livana, Suriya ərazisinə, Adana kimi digər yerlərə gedib çıxdılar. Onların bir qismi Fransaya, bir qismi Amerikaya köçdü. Əgər bu gün Amerika Fransa və başqa ölkələrdəki ermənilərdən danışmaq lazım gəlsə, bilin ki, onlar həmin 1915-ci ildə köçürülmüş ermənilərin varisləridir”.

Q.Hüseynli qeyd edib ki, ermənilər dünyaya car çəkərək, yalançı rəqəmlər söyləməklə, yalnız ictimai rəyi çaşdırır.

ABŞ prezidenti Donald Trampın Türkiyə ilə münasibətlərin kəskinləşməsindən istifadə edərək, bu məsələni aktuallaşdırdığını dilə gətirən politoloq keçmiş ABŞ prezidenti Ronald Reyqanın dövründə xüsusi komissiya tərəfindən Türkiyə arxivlərinin araşdırılaraq heç bir soyqırımı hadisəsinin olmadığını sübut etdiyini xüsusi vurğulayıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...