Səfir İlqar Muxtarov Meksikanın yeni təyin edilən Enerji naziri ilə görüşüb

Səfir İlqar Muxtarov Meksikanın yeni təyin edilən Enerji naziri ilə görüşüb

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov Meksikanın yeni təyin edilən Enerji naziri Xose Antonio Meade ilə görüşüb. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialın əhəmyyətini vurğulayıb və əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər. Səfir İ.Muxtarov, həmçinin Azərbaycanın enerji emalı və istehsalı sahəsinin tarixi inkişaf prosesi, Nobel qardaşlarının Bakıda fəaliyyəti, Neft Daşları şəhərciyinin tikilişi tarixi, habelə müasir dövrdə Azərbaycanın enerji siyasəti, dünya miqyasında enerji sektorunun inkişafında mühüm rol oynayan mütəxəssislər hazırlayıb Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti haqda Nazir X.A.Meadeyə geniş məlumat verib.

Nazir X.A.Meade Azərbaycanla enerji sektorunda əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, eyni zamanda öz ölkəsinin elmi mütəxəssislər və tələbə mübadiləsi sahəsində əməkdaşlıqda da maraqlı olduğunu vurğulayıb və Meksikanın müvafiq təhsil müəssisəsi ilə əlaqələrin yaradılmasının vacibliyini bildirib.

Görüşdə, həmçinin 2011-ci ilin 7-10 iyun tarixlərində Bakıda keçiriləcək "Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransı"nda Meksika nümayəndə heyətinin iştirak etməsinin mümkünlüyü məsələsi müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə