Ermənistanın təşvişi niyə artıb? AÇIQLAMA-ÖZƏL

“Ermənistanın Azərbaycanla hərbi gücünü müqayisə edərkən, paritetin Azərbaycanın xeyrinə olduğunu istənilən beynəlxalq mənbələr, həmçinin iki ölkənin hərbi büdcəsinin müqayisəsi tərəddüdsüz təsdiq edir Hətta erməni diasporu bu faktdan istifadə edərək, olduqları ölkələrdə, xüsusilə ABŞ-da hay-küy salır, həyəcan təbili çalaraq kiçik Ermənistanın qüdrətli Azərbaycan tərəfindən sıxışdırıldığını iddia edir, Ermənistana hərbi dəstək göstərilməsinin vacibliyini vurğulayırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, 2016-cı il aprel döyüşlərindən sonra erməni diasporasının bu təşvişi xüsusilə artıb: “Azərbaycan ordusunun cəbbəxanasına qəbul edilən bir sıra silah növləri Ermənistanı olduqca narahat edir. Məsələn, Türkiyədən aldığımız “Stealth” texnologiyası ilə hazırlanmış super (ultra) müasir “SOM - B1" qanadlı raketləri hava və raket hücumundan etibarlı müdafiə vasitələri olmaqla Ermənistanda təşviş yaradıb. Onlar üçün hətta məşhur S-400 sistemləri də adi hədəfdir. Hətta erməni ordusunun arsenalındakı ”9K317 Buk-M2" zenit-raket kompleksləri də onları yaxalamaq gücündə deyil. Yaxud Ermənistanın arsenalına hələ 2020-ci ildə daxil olması gözlənilən Su-30 SM qırıcılarının qarşılığında Azərbaycanın daha müasir Su-30 MKA qırıcıları alması gözlənilir. Məhz bu, Ermənistanı narahat edir”.

Ermənistan “İsgəndər” raketləri ilə Azərbaycanı şantaj etdiyini deyən politoloq vurğulayıb ki, Azərbaycan Belarusdan “Polonez” reaktiv yaylım atəşi sistemi almaqla, hərbi balansın pozulmasının qarşısını alıb: “Nəzərə alsaq ki, Azərbaycan həm də İsraildən LORA operativ-taktiki raket kompleksləri alıb, odur ki, bunlar İrəvanı narahat edən səbəblərdəndir”.

N. Məmmədova qeyd edib ki, Azərbaycanın Ermənistandan üstünlüyünə təkcə sırf hərbi güc faktoru ilə deyil, həmçinin siyasi və iqtisadi güc amilləri də daxildir: “Çünki ölkənin iqtisadi və siyasi qüdrəti olmadan, hərbi güc baxımdan üstünlük qeyri-mümkündür, bunlar bir-birini tamamlayan amillərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə