“Azərbaycan qadını bu gün cəmiyyətin bütün sahələrində özünü göstərir” Dərya Akdemir

“Azərbaycanın Birinci xanımı ilk növbədə milli mədəniyyətimizin keşiyində dayanan bir işıq insanıdır”. SİA xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Anka - Azərbaycan Mədəniyyət, Rəqs və Sənət Klubunun rəhbəri Dərya Akdemir deyib.

"Sevinirəm ki, Mehriban Əliyeva bu gün Azərbaycan mədəniyyətinin hamisidir”, deyən Akdemir əlavə edib ki, müasir dövrdə qadınların cəmiyyət həyatında fəal bir şəkildə təmsil edilməsi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir.

Onun sözlərinə görə, çox sevindirici haldır ki, ümumi vətənimiz olan Azərbaycanımızda da bu istiqamətdə nailiyyətlər əldə olunur və əldə olunan bu nailiyyətlər dünyanın bir çox ölkələri üçün pozitiv nümunə təşkil edir.

Azərbaycan qadınının müasir cəmiyyətimizdə aktiv şəkildə təmsil olunmasının Azərbaycan Respublikasının I vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adı ilə sıx surətdə bağlı olduğunu deyən Klub rəhbəri həmçinin bildirib ki, tarixən özünün intellektual potensialı və milli mənəvi zənginliklərə bağlılığı ilə seçilən Azərbaycan qadını bu gün də məhz Mehriban xanımın timsalında cəmiyyətin bütün sahələrində özünü göstərir: “Mən Azərbaycandan kənarda yaşayan bir azərbaycanlı xanım kimi onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq istəyirəm. Çünki danılmaz bir faktdır ki, Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Onun mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə yaratdığı Heydər Əliyev Fondunun adı ilə üzvü surətdə bağlıdır. Belə ki, həmin fondun təşkilatçılığı ilə mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirilir. Sonuncu dəfə Bakıda olanda onun təşəbbüsü ilə inşa olunmuş Muğam Mərkəzini görəndə ürəyim dağa döndü. Azərbaycandan kənarda yaşasam da, Azərbaycan mədəniyyətini beynəlxalq arenada təmsil etməyə çalışan bir sənət adamı kimi görürəm və duyuram ki, Azərbaycanın Birinci xanımı ilk növbədə milli mədəniyyətimizin keşiyində dayanan bir işıq insanıdır. Məhz onun təşəbbüsü ilə ənənəvi milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafı ilə bağlı olduqca mühüm fəaliyyət istiqamətləri müəyyən olunub və bu yöndə ciddi addımlar atılır. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində böyük işlər görülür”.

“Dəfələrlə yaşadığım Ankara şəhərində səfirliyimizin də diqqəti və qayğısı ilə muğamın tanıdılması üçün böyük layihələr həyata keçirilib”, deyən Dərya Akdemir onu da bildirib ki, hər dəfə həmin konsert proqramlarını rəhbəri olduğu Anka - Azərbayca Rəqs və Sənət Klubunda rəqslərimizin incəliklərini öyrənən uşaqlarımı izləyəndə ürəyi dağa dönüb və “nə yaxşı ki, mədniyyətimizin keşiyində dayanan belə hamimiz var” – deyib: “Mehriban xanım sadəcə təbliğatçı deyil, bayaq da dediyim kimi Azərbaycan mədəniyyətini oğurlamağa, öz adına çıxmağa çalışan düşmənlərimizin qarşısında dayanan mədəniyyətimizin qoruyucusudur. Sevinirəm ki, Azərbaycan qadını, Azərbaycan anası zərif çiyinlərində bu qədər böyük missiyanı götürüb və uğurla ölkəmizin mədəniyyətini dünyada təbliğ edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə