"Danışıqların gərgin olduğunu demək mümkündür" AÇIQLAMA-ÖZƏL

“Rusiya hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllində inhisarçı mövqeyini, eləcə də problemin həlli ilə bağlı bütün ipləri əlində saxlamağa çalışır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın müəyyən narahatlıqları olduğunu deyən politoloq söyləyib ki, çünki Ermənistan tərəfi münaqişənin həllinə qeyri-konstruktiv elementlər daxil etməkdə davam edir.

Q. Hüseynli söyləyib ki, Rusiya problemin həllində həlledici səs hüququna malik olsa da, hələ də Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına gəlib çatmayıb: “Problemin həlli ilə bağlı Azərbaycana münasibətdə hələ də diplomatik ifadələrdən istifadə etməkdə davam edilir. Münqaişənin həlli istiqamətində 5 rayonun qaytarılması məsələsi daim gündəmdə saxlanılır. Halbuki 5 rayon məsələsini ermənilər başqa formada, Laçın və Kəlbəcərin Dağlıq Qarabağla birlikdə Ermənistana verilməsi ilə bağlı təhlükəli ifadələr işlədirlər. Lakin Rusiya bu məsələdə susub dayanır”.

Politoloq vurğulayıb ki, ermənilərin sərsəm fikirləri həlledici olmasa da, ictimai rəyə təsir edir: “Buna görə də danışıqlar prosesinin hələ də gərgin olduğunu demək mümkündür. Problemin həlli istiqamətində hələ də nəticəsiz danışıqlar davam edir. Edilən bütün cəhdlərə, Rusiyanın konstruktiv mövqeyinə baxmayaraq, hələ də danışıqlar prosesini dalandan çıxarmaq mümkün olmur”.

Q.Hüseynli əlavə edib ki, ermənilər işğal edilmiş torpaqları geri qaytarmamaq üçün dirəniş göstərib, kompramisə getmək istəmirlər: “Azərbaycanın müsbət çağırışlarına mənfi reaksiya verməklə Ermənistan ölkəmizi hərbi yola əl atmasına təhrik edir. Belə olan halda, ölkəmiz öz torpaqlarını işğaldan azad etmək üçün bu yola əl atmaq məcburiyyətində qala bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...