"YAP-ın müraciətini şərtləndirən bir sıra ciddi faktorlar mövcuddur" - DEPUTAT

Məlum olduğu kimi Yeni Azərbaycan Partiyasının parlamentdəki deputat korpusu bugünkü parlamentin iclasında ölkə prezidenti cənab İlham Əliyevə parlametin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müraciət qəbul edib. Bunu SİA-ya açıqlamasında politoloq, siyasi şərhçi, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu müraciəti şərtləndirən bir sıra ciddi faktorlar mövcuddur. “İlk növbədə bununla bağlıdır ki, Prezident İlham Əliyev hərtərəfli, geniş, sistemli islahatlar kursu həyata keçirir və bu islahatlar kursu cəmiyyətimiz bütün siferalarını əhatə edir. Həm iqtisadi, həm sosial, həm siyasi, həm məhkəmə-hüquq sistemini və eyni zamanda hakimiyyətin bütün sahələrini əhatə edir. Ali İcra hakimiyyətində, Məhkəmə hakimiyyətində bir çox ciddi islahatların həyata keçirilməsinə şahidlik edirik. Belə olan halda hakimiyyətin digər qanadı qanunverici hakimiyyətdə də müasir islahatların həyata keçirilməsi təbiiki, zamanın çağırışına, tələbinə çevrilib”.

E.Nəsirov qeyd edib ki, islahatlar o zaman effekt verir ki, o hərtərəfli olur. “Yəni, ola bilməz ki, ayrı-ayrı sahələrdə islahatlar olsun, amma digər sahə islahatlardan kənarda qalsın. Ona görə də hesab edirəm ki, bu reallıqdan çıxış edərək yeniləşən, müasirləşən Azərbaycana yeni də parlament lazım olması vacibliyi ideyası aktuallaşdı və bu reallıq fonunda Ulu Öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası analoji niyyətlə çıxış edib və artıq bu istiqamətdə də müvafiq addımları həm partiyanın siyasi şurası atıb, həm də parlamentdəki Yeni Azərbaycan Partiyasının deputat çoxluğu müvafiq addımları atıb. Biz inanırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyev də sədri olduğu Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünə müsbət cavab verəcək və ölkəmiz artıq çox mühüm növbəti siyasi hadisəyə, yəni parlament seçkilərinə hazırlaşacaq”.

Politoloq vurğulayıb ki, bununla Yeni Azərbaycan Partiyası növbəti dəfə siyasi mədəniyyət ortaya qoyub: “Hələ 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu partiya yaradılarkən o zamanki hakimiyyətə müxalif partiya kimi yaranıb. Və xalqın səs çoxluğunu qazanaraq hakimiyyətə gəlib. Bununla da hakimiyyətə gəlişin sivil nümunəsini ortaya qoyub. İndi də hakim partiya yeniləşən, müasirləşən Azərbaycan reallıqları fonunda yenidən növbəti siyasi mədəniyyət ortaya qoyub və parlamentin buraxılması təşəbbüsü ilə çıxış edib”.

Sonda isə deputat qeyd edib ki, yeri gəlmişkən bu hadisə dünya praktikasında tez-tez müşahidə olunan hadisədir: “Bu ilin dekabr ayının 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. İspaniyada 2015-ci ildən bu günə qədər 4 dəfə, təkcə 2019-cu ildə isə 2 dəfə növbədənkənar parlament seçkiləri keçirilib. Yəni bu bizim kəşfimiz deyil, eyni zamanda dünyanın siyasi mədəniyyətinin mühüm elementlərindən biridir. Hesab edirəm ki, bu hadisə bir daha onu nümayiş etdirdi ki, cənab Prezidentin islahatları hərtərəfli, dinamik, çevikdir və həyatımızın bütün siferalarını əhatə edir. Bu baxımdan da qanunverici hakimiyyət istisna təşkil etmir. Məhz qanunverici hakimiyyət də həmin islahatların yeni mərhələyə keçməsini, intensivliyini, dinamizmini təmin etmək üçün yeni qanunlar qəbul etməlidir və bu baxımdan atılan bu addım tamamilə məntiqlidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə