"YAP-ın bu təşəbbüsü həm də ictimai fikrə söykənir" ÖZƏL-MÜNASİBƏT
"Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təşəbbüsü bir neçə gündür ki, cəmiyyətdə geniş müzakirə olunur. Qeyd etməliyəm ki, müzakirələr çox pozitivdir. Bu onu göstərir ki, Yeni Azərbaycan Partiyasının bu təşəbbüsü həm də ictimai fikrə söykənir. Artıq məsələ ilə əlaqədar Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar parlament rəhbərliyinə müraciət edib və məsələ bu gün parlamentdə müzakirə olunacaq". Bunu SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
"İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2018-ci il prezident seçkilərində cənab İlham Əliyev yenidən xalqın böyük etimadını qazandı və bundan sonra ölkədə islahatların keyfiyyətcə yeni mərhələsi başladı. Bu islahatlar həm dövlət idarəetməsini əhatə etdi, şəffaf, müasir idarəetmə ilə bağlı qərarlar verildi. Bu gün birmənalı demək olar ki, Azərbaycanda cənab Prezidentin həyata keçirdiyi bu islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqlayıb. Faktiki olaraq qarşıya qoyulan məqsəd Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır və bu müasirlik həm idarəetmədə, həm korrupsiyaya qarşı mübarizədə, həm vətəndaş-məmur münasibətində, həm iqtisadiyyatın yeni müasir qaydalarla idarə olunmasında və eyni zamanda ölkənin sosial rifahında, əhaliyə göstərilən sosial qayğıda özünü göstərir.
Bu islahatlar ilk növbədə özünü icra strukturlarında aparılan struktur islahatları, yeni Nazirlər Kabinetinin formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində formalaşmış şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında idi. Eyni zamanda, bilirsiniz ki, dövlətimizin başçısı bu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Çünki məhkəmə sistemində həyata keçirilən islahatlar təbii ki, iqtisadi islahatlara dəstək olmalıdır.
Onu da qeyd etməliyəm ki, bütün bu illər ərzində Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi Azərbaycan parlamenti daim cənab Prezidentin həyata keçirdiyi islahatlara qanunvericilik dəstəyi verib. Bu, qanunların qəbulunda daim özünü göstərib. Eyni zamanda, parlamentdə təmsil olunan bitərəf deputatlar da əsas etibarilə dövlət başçısının siyasətini dəstəkləmişlər.
Həmçinin, ötən dövrdə parlamentdə nizam-intizam gücləndirilib, 2016-cı ildə Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub. Və son illər parlamentarilərin davranışlarında da çox pozitiv meyllər müşahidə olunmaqdadır. Amma bütün bunlarla yanaşı müəyyən yeniliklərə ehtiyac var"-deyə, deputat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB