Çingiz Abdullayevin YAP Gənclər Birliyinin fəalları ilə görüş keçirilib FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
S.Orucov bildirib ki, YAP Gənclər Birliyi aktual məsələrlə bağlı müxtəlif layihələr həyata keçirilir. Onun sözlərinə görə, belə layihələrdən biri də ölkəmizin tanınmış şəxsləri ilə gənclərin görüşünün təşkil olunmasıdır. S.Orucov deyib ki, gənclərin bu dəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevdir. YAP Gənclər Birliyinin sədri söyləyib ki, Çingiz Abdullayev dünya şöhrətli yazıçıdır və onun əsərləri bir çox dillərə tərcümə olunaraq ayrı-ayrı ölkələrdə böyük maraqla oxunur. S.Orucov gənclərlə görüşü qəbul etdiyi üçün Ç.Abdullayevə təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.
Çıxış edən Ç.Abdullayev gənclərlə mütəmadi olaraq görüşdüyünü qeyd edib. O gənclərə ilk növbədə yaxşı təhsil almağı, bilikli olmağı tövsiyə edib: “Bu gün gənc nəsil çox kitab oxumalı, mütaliə ilə məşğul olmalıdır. Hər bir ölkənin gələcəyi, sabahı, siyasəti, iqtisadiyyatı onun savadlı, intellektuallı gənclərindən asılıdır. Özümüzü, ölkəmizi, dövlətimizi inkişaf etdirmək və beynəlxalq arenada təmsil etmək üçün ilk növbədə savadlı olmalıyıq”.
Xalq yazıçısı qeyd edib ki, bir yazıçının ən böyük nailliyəti, şöhrəti kitablarının geniş oxucu kütləsi tərəfindən qəbul olunması və sevilməsidir: “Bu gün bu nailliyyəti əldə etdiyimə, qazandığıma görə xoşbəxtəm. Əsərlərim hətta istər ölkəmizdə, istərsə də xaricdə cəmiyyətdə öz sözünü demiş, tanınan simalar tərəfindən oxunulur və sevilir”.
Ç.Abdullayev deyib ki, kitabların ərsəyə gəlməsində böyük əmək sərf etməsəydi, kitabları geniş oxucu marağına səbəb olmazdı. Onun sözlərinə görə, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan Ç.Abdullayev bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.
“Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır”-deyə, dünya şöhrətli yazıçı vurğulayıb.
Səmimi şəraitdə keçən görüşdə Ç.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB