"Ölkədə tibbi sığortaya keçid mərhələli olacaq". Bu barədə SİA-ya açıqlamasında “Kaspi” qəzetinin redaktoru İlham Quliyev deyib.
O bildirib ki, bu həftə Milli Məclisdə tibbi sığorta ilə bağlı qanuna dəyişikliklərlə əlaqədar məsələ müzakirə olunub.
Baş redaktorun sözlərinə görə, qanunun yanvarın 1-dən bütün ölkə ərazisi üzrə tətbiqi hələ ki, mümkün olmayacaq. Tibbi sığortaya keçid mərhələli şəkildə nəzərdə tutulur: “Uzun müddət idi ki, Azərbaycan cəmiyyəti tibbi sığortanın tətbiqini gözləyirdi, hətta vurğulayım ki, bu sistemin tətbiqi gecikib. Ölkədə səhiyyə, sağlamlığın qorunması ilə bağlı yeni münasibətlər meydana gəlib. Sovet dövründə tibbi xidmətlərdən yararlanmaq pulsuz idi. Lakin sonrakı dövrlərdə biz bazar iqtisadiyyatına keçdikdən sonra pulsuz səhiyyə saxlanılmaqla, özəl tibb müəssisələri də inkişaf etməyə başlayıb, özəl klinikalar yaranıb, əhalinin böyük qismi öz sağlamlıq problemlərini bu özəl klinikalarda həll etmək məcburiyyətindədir. Hətta dövlət xəstəxanalarının özündə də biz bilirik ki, pulsuz xidmət yoxdur. Düzdür, qanunda nəzərdə tutulub ki, xidmətlər pulsuzdur, lakin ümumilikdə, hər birimiz xəstəxanalara müraciət edirik və xidmətin pullu olduğunun şahidi oluruq. Beləliklə də müalicə məsələləri böyük xərc tələb edir. Bu da əhalinin müəyyən təbəqələri üçün çox böyük problem yaradır”.
İlham Quliyev həmçinin qeyd edib ki, müalicə xidmətləri, dərmanların qiymətləri çox bahadır və bu səbəbdən insanlar öz sağlamlıq problemlərini həll etmək üçün maddi cəhətdən problemlərlə üzləşirlər: "Dünya praktikasında bu cür halların qarşısı tibbi sığorta ilə alınır. Vətəndaşlar əmək haqlarından müəyyən məbləğ ödəməklə il ərzində tibbi xidmətlərdən istifadə etmək imkanı əldə edirlər. Bizdə də bu sistemə keçidə çox böyük ehtiyac var. Neçə illərdir tibbi sığorta ilə bağlı qanun qəbul olunub, lakin onun tətbiqi ilə bağlı müəyyən problemlər meydana çıxdı və təəssüf ki, biz bunu reallaşdıra bilmədik. Arıq hökumət bu barədə konkret addımlar atılması ilə bağlı qərar qəbul edib. Hesab edirəm ki, bu proses nə qədər çətin olsa da dövlət çalışmalıdır ki, tibbi sığortaya keçid maksimum dərəcədə tez reallaşsın".
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB