"Mehriban xanım Əliyevanın Rusiyaya səfəri çoxşahəli oldu" AÇIQLAMA-ÖZƏL

"Mehriban xanım Əliyevanın Rusiyaya səfəri çoxşahəli oldu" AÇIQLAMA-ÖZƏL

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskvaya səfəri əslində bir daha sübut edir ki, Rusiyanın siyasi rəhbərliyi Azərbaycanla münasibətlərinə böyük önəm verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, getdikcə Rusiya tərəfinin Azərbaycana marağı artır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya səfərinin çoxşahəli olduğunu deyən politoloq səfərin müxtəlif istiqamətləri əhatə etdiyini dilə gətirib.

Onun sözlərinə görə, səfər çərçivəsində həm iqtisadi, siyasi, həm də humanitar, mədəni sahələrlə bağlı əhəmiyyətli və zəngin fikir mübadilələri aparılıb: “Mehriban xanım Əliyevanı Rusyanın bütün ali siyasi rəhbərləri ilə görüşü çox əlamətdar haldır. Biz digər ölkələrin rəsmilərinin Rusiyaya səfərlərini izləyir və bu cür qarşılanmanın hər kəsə nəsib olmadığını görürük. Bu, əlbəttə ki, Rusiyanın Azərbaycana olan hörmət və rəğbətinin göstəricisidir”.

İ. Vəlizadə söyləyib ki, səfər çərçivəsində müzakirə olunan ən önəmli məsələlərdən biri iqtisadi sahə ilə bağlı idi: “Hazırda Rusiya-Azərbaycan arasında regional formatda 17 saziş var. İnanırıq ki, bu, regionların sayı gələcəkdə daha artacaq. Çünki Azərbaycan hazırda Rusiyanın təxminən 80 regionu ilə əməkdaşlıq qura bilib. Onların arasında Moskva, Həştərxan, Yekaterunburq, Dağıstan, Şimali Qafqazın bir çox respublikaları var. Yeri gəlmişkən qeyd edək ki, Şimali Qafqazın demək olar ki, bütün respublikalarının rəhbərləri son illərdə bir neçə dəfə Azərbaycana gələrək müxtəlif istiqamətlərdə danışıqlar aparıblar. Bu danışıqların nəticəsi olaraq Azərbaycan bir çox respublikalara sərmayə qoyur. Bunların içərisində Dağıstan, Həştərxan, Krosnadar kimi vilayətləri misal çəkmək olar”.

Politoloq vurğulayıb ki, Azərbaycanla Rusiya arasında humanitar sahə ilə bağlı müxtəlif əməkdaşlıq mövcuddur: “ Mehriban xanım Əliyevanın Rusiyanın Gimnastika Federasiyasının ofisinə baş çəkməsi, orada aparılan müzakirələr iki ölkə arasında idman sahəsində də münasibətlərin kifayət qədər inkişaf etdiyini göstərir. Hazırda iki arasında ticarət dövriyyəsi 2.5 milyard dolları ötür. İlin sonuna qədər bu gözləntilər 3 milyarda çata bilər. Tərəfələr bununla kifayətlənmir. Çünki investisiya layihələri arasında irimiqyaslı layihələri var. Qarşıda hər iki ölkə tərəfindən iqtisadiyyatın real sektoruna qoyulan investisiyaların həcminin artacağı proqnozlaşdırılır. Bu da yeni iş yerlərinin, imkanların açılması deməkdir. Bu baxımdan hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni imkanlar açacaq və qarşıda Azərbaycan-Rusiya əlaqələrinin təməlinin möhkəm dayaqlar əsasında formalaşmasına gətirib çıxaracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə