Prezident İlham Əliyev: "Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi"
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bir çox məqamlara toxunaraq, 70 il ərzində gənclər şəhəri adlanan Sumqayıtın tarixi, inkişaf yolu keçdiyini, xüsusilə də, 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra, bu şəhərə ən böyük qayğı göstərildiyini vurğulayıb. Dövlət başçısı, xüsusilə, onu da bildirib ki, bu qayğı 1982-ci ildə Ulu Öndərin Moskvaya getməsi ilə Sumqayıtın tənəzül dövrü başladı.
"Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində, artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı"
Ulu Öndərin Moskvaya getməsi ilə, Azrbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başladı. Dövlət başçısı çıxışında, bu məqamlara toxunaraq bildirib ki, bütün bunlar Sovet İttifaqında dırnaqarası yenidənqurma siyasətinin ağır nəticələri idi: "1982-ci ildə Ulu Öndər Heydər Əliyev Moskvaya gedəndən sonra, Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində, Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə, 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən, Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü".
Dövlət başçısı 1985-ci ildə Sovet İttifaqının yenidənqurma siyasəti nəticəsində, Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini vurğulayıb: "1985-ci ildə Azərbaycan da böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən, Sumqayıtda. Ulu Öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində, artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana vermək haqqında məsələ qaldırırdılar".
"Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı"
Prezident İlham Əliyev çıxışı zamanı 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlərə yol verildiyini bildirmiş və eyni zamanda, Azərbaycanın o dovrdəki rəhbərliyi də milli siyasət məsələsinə biganə və məsuliyyətsiz yanaşırda: "Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada xoşagəlməz proseslərə, artıq təkan verilmişdi".
"1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır" deyən dövlət başçısı, xüsusilə, vurğulayıb ki, Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan milli siyasət idi: "Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt, xüsusilə, müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır".
"1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi"
Prezident İlham Əliyev, xüsusilə, çıxışı zamanı separatçıların cəfəng fikirlərlə ictimai rəyə təsir etməsinə imkan verildiyi məsələsinə də toxunaraq bildirib ki, bununla da, azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər: "O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən, cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən, bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki Onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni plan Onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb, Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi".
"Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir"
Dövldət başçısı Sumqayıt hadisələrinin erməni millətçilərinin təxribatı olduğunu bildirib: "Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi".
Prezident İlham Əliyev vurğulayıb ki, Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdı və nəticə etibarilə, Dağlıq Qarabağda münaqişə baş vermişdi: "Mən dəfələrlə bunu demişəm, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi".
Dövlət başçıs Sumqayıt hadisələrindən sonra 20 Yanvar faciəsinin, məhz SSRİ-nin rəhbəri Mixayıl Qorbaçovun törətdiyi cinayət olduğunu vurğuladı: "Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib, hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev Ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də Onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi".
"Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, Onun həbs edilməsi haqqında qərar verildi", -deyən Azərbaycan Prezidenti İlham Əliyev elə o vaxtdan Azərbaycanın yeni dövrünün başlandığını vurğuladı: "Bakıya gəlməli idi, həmin gün Onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra Onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik Ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı".
Ulu Öndər Heydər Əliyevin Bakıya dəvət edilməsi müstəqil Azərbaycan dövlətçiliyini dağılmaqdan və xalqı vətəndaş müharibəsi təhlükəsindən qorudu
Bəli, bir sözlə, bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin həm Azərbaycanda, sonra isə SSRİ paytaxtında yüksək vəzifədə olması ermənilərin bütün bu məkrli planlarının qarşısını alırdı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması erməni millətçiliyinin, erməni separatizminin baş qaldırmasına, Azərbaycan torpaqlarının işğal edilməsinə münbit şərait yaratdı. Əgər Ümummilli Lider Heydər Əliyev 1980-ci illərin sonları, 1990-cı illərin ilk dövrlərində Bakıda olsaydı, Onun hakimiyyətə gəlişinə imkan verilsəydi. Azərbaycan torpaqları işğal altına düşməyəcəkdi. Azərbaycanın başına müsibətlər gəlməyəcəkdi, nə Xocalı faciəsini yaşayacaqdıq, nə torpaqlarımız işğal olunacaqdı. Çox təəssüf ki, o zamankı Azərbaycan rəhbərliyi özündə təpər tapmadı, milli təəssübkeşlik nümayiş etdirmədi. Təəssüf ki, həmin dövrdə rəhbərlik Moskvadan asılı vəziyyətdə idi və ona görə də antimilli mövqedə dayanmış oldu. Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişinə mane olmaq ən böyük anti-milli mövqe idi. Bunu zaman sübut etdi.
Həmin dövrdə Azərbaycanın xaricdən dəstəklənən separatçılıqla və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə, xalqın tələbi ilə Naxçıvandan Ulu Öndər Heydər Əliyevin Bakıya - Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qaydışı ilə müstəqil Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas etdi, xalqı vətəndaş müharibəsi təhlükəsindən qorudu və gerçək dövlət quruculuğuna başlanıldı. Bir sözlə, Prezident İlham Əliyev məhz bu çıxışı ilə həm Sumqayıt hadisələrinin, həm də erməni xislətinin əsl mahiyyətini açıqladı.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB