Odlar diyarının paytaxtı, Küləklər şəhəri Bakı UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib. 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edib. Mədəniyyət və Xarici İşlər Nazirliklərinin, Azərbaycan Respublikasının UNESKO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində, Bakı şəhəri şəbəkənin "dizayn" tematikası üzrə siyahıya salınıb. Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.
Şəki şəhəri "Sənət və sənətkarlıq" tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür. Təbii ki, qədim sənətlərin yaşadığı şəhərin "Sənət və sənətkarlıq" tematikası üzrə siyahıya salınması heç də təsadüfi olmamışdır. Sənətkarlığı, milli-mənəvi dəyərləri ilə beynəlxalq arenada zaman-zaman çıxış edən Şəki üçün bu qərar, bu məkanın sənətkarlıq mərkəzi olmasının göstəricisidir. Tarixən sənətkarların beşiyi olan Şəkinin "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilməsi, hətta "TÜRKSOY-un Mədəniyyət Paytaxtı" seçilməsi də əbəs yerə deyildi.
Bakı şəhərinin də UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilməsi təsadüfü deyil. Bakı şəhərinə məxsus mədəniyyət və incəsənət nümunələri tarixi qədər qədim və zəngindir. Hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz abidələri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb. Müasirliyi ilə tarixiliyi özündə birləşdirən paytaxtımızda böyük yaradıcı potensial mövcuddur. Özünəməxsus mədəni dəyərlərə malik olan Bakının incəsənət və musiqisinin genişlənməsinə və müasirləşməsinə geniş imkanlar yaradılıb. Bunu şəhərimizə gələn hər kəs görür. Paytaxtımıza gələn qonaqlar Bakıdakı Heydər Əliyev Hava Limanından başlayaraq, incəsənət və memarlıq əsərləri ilə tanış olmaq imkanı əldə edirlər. Memar Zaha Hadid tərəfindən yaradılan möhtəşəm Heydər Əliyev Mərkəzi paytaxtımıza gözəllik verən abidələr sırasındadır. Şəhərin digər memarlıq inciləri "Alov Qüllələri", Fairmont Baku mehmanxanası və s. ziyarətçilərə müasir memarlığı təqdim edir. Əlbəttə ki, qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər, məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərindəki ən hündür bina olan "Alov Qüllələri" kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça Muzeyi, Bakı Su İdmanı Mərkəzi və digər qədim tarixə malik tikililər Bakının simasına müasirlik gətirib.
Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindəndir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə, Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Bu bənzərsiz və möhtəşəm görkəm Bakının dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub.
Bakı Bulvarında bərpa edilən "Qu Quşları" Fəvvarə Kompleksi də paytaxtımızın əzəmətinə və görkəminə xüsusi bir rəng verir. Bakı Bulvarının tarixi rəmzlərindən biri olan "Qu Quşları" Fəvvarə Kompleksi 60 ildən artıq tarixə malikdir. Dünyaşöhrətli, Azərbaycanın dahi şairi Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə paytaxtın gözəl məkanlarından biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi. Bu məkan müasirləşən paytaxt Bakının görkəminə daha bir gözəllik və möhtəşəmlik gətirdi. İndi şəhərimizin sakinləri və buraya üz tütan minlərlə əcnəbi bu gözəlliyi seyr edərək, qədim və müasir Bakının gözəlliklərinə və hüsnünə heyran qalırlar.
Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması işləri də davam edir. Yeni salınan parklar Bakının simasının daha da gözəlləşməsi baxımından, mühüm rol oynayır. Təbii ki, bu, Dənizkənarı Milli Parkdan da yan ötməmişdir. Bakı şəhərindəki Dənizkənarı Parkın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan Cərəncamlar Dənizkənarı Bulvarın vəziyyətinə, mühafizəsi, qorunması və bərpasına yönəlmişdir. Bu istiqamətdə görülən işlər bu gün Bakı sakilərinin tam rahatlığını və istirahətin təmin edir. Belə ki, əhalinin mənəvi və estetik tələbatı ödənilir, sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılıb, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbi-bədii proqramları, konsertləri və s. təşkil olunur.
Bu reallıqlar və gördüklərimiz Bakını dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir və paytaxtımızın UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilməsində əsas rol oynayır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB