"Ermənistan XİN-in bəyanatı etket qaydalarına ziddir" ŞƏRH-ÖZƏL

"Ermənistan XİN-in bəyanatı etket qaydalarına ziddir" ŞƏRH-ÖZƏL

“Ermənistan XİN-i Qoşulmayan ölkələr hərəkatının Bakı zirvəsinin yekun bəyanatına isterik və diplomatik tərzə qəti uyuşmayan reaksiya verdi. Ermənistan rəhbərliyinin təlaş keçirdiyi aşikardı və ciddi əsaslara malikdir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Qoşulmayan ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədinin üstünlüyü, təsir gücü, özündə prinsipial yeniliyi əks etdirməsi və beynəlxalq hüquq norma, prinsiplərinə uyğun olmasındadır.

Ekspert söyləyib ki, 120 dövlət tərəfindən Ermənistanın birmənalı işğalçı adlandırılması, qaçqın və məcburi köçkünlərin ləyaqətli şəkildə qayıdışının təmin olunmasına şəraitin yaradılmasının bütün üzv dövlətlərin məsuliyyət çevrəsinə aid edilməsi və faşist caninin qəhrəmanlaşdırılmasının məhz Ermənistana aid cinayət kimi xarakterizə olunması sənədin təsirli yenilikləri sayıla bilər.

A.Quliyev vurğulayıb ki, Ermənistanın isterik reaksiyasının səbəbi Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə imzalanan yekun sənədin gücü ilə bağlıdır.

Onun sözlərinə görə, məhz bu sənəd Ermənistanın beynəlxalq manevr imkanlarını məhdudlaşdırır, ikitərəfli əməkdaşlıqlar qurmaq işini çətinləşdirir, qondarma soyqırımının üzərindən oyunlar qurmaq imkanlarına zərbə vurur: “Ermənistan XİN-in cavab reaksiyası beynəlxalq diplomatik etket qaydalarına qəti uyğun deyil və bu ölkənin beynəlxalq norma və prinsiplərə nə qədər sayqısız davrandığını sübut edir. Bakı sənədi işğalçı ölkənin baş naziri Nikol Paşinyanın saxta bir inqilabla Ermənistanı dünyada guya demokratik ölkə kimi tanıtmaq səylərinə öldürücü zərbə vurdu. Paşinyanın ölkəsinə hüquq dövləti imici qazandırmağa çalışdığı bir vaxtda 120 dövlət yekdil qaydada onu işğalçı adlandırdı. Dünya əmin oldu ki, işğalçı ölkə nə demokratik, nə də hüquq dövləti ola bilər”.

A. Quliyev əlavə edib ki, Ermənistan Bakı sənədi ilə sarsıdıcı zərbə aldı və bu zərbənin effektini Azərbaycan bütün sülh prosesi boyunca hiss edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə