"Ermənistanın faşist siyasəti bir daha ifşa edildi" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın faşist siyasəti bir daha ifşa edildi" ÖZƏL-MÜNASİBƏT

"Dünyada böyüklüyünə görə BMT-dən sonra ikinci beynəlxalq təşkilat kimi tanınan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşünə toplaşması son dərəcə böyük hadisədir. Belə ki, təşkilatın beynəlxalq siyasətə təsir imkanlarını və dünyada mövqeyini nəzərə alsaq görüş bəşəriyyət üçün müsbət mühüm əhəmiyyət kəsb edəcək". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduqdan 8 il sonra təşkilatın beynəlxalq tədbirinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisidir: "Bu eyni zamanda Avropa qitəsində 30 ildə sonra təkrarlanan bir hadisədir. Dünya əhalisinin yarıdan çoxunun - təxminən 55 faizinin Qoşulmama Hərəkatına üzv olan ölkələrdə yaşadığını, yer kürəsində neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini nəzərə alaraq tədbirin Bakıda təşkili iqtisadi, siyasi və beynəlxalq baxımdan mühüm əhəmiyyət kəsb etməklə Azərbaycanın dünyaya açıq ölkə olduğunu və humanizm dəyərlərinə sadiq qaldığını təsdiqləyir. Çünki artıq hər kəsə yaxşı məlumdur ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan dinamik surətdə inkişaf edərək dünya birliyində qüdrətini durmadan artırır. Zirvə Görüşündə iştirak edən ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ölkəmizin sosial ədalət prinsiplərinə sadiq qalaraq son dərəcə sürətlə inkişaf etdiyini görməklə, Ermənistanın faşist siyasətinə bir daha yaxından bələd oldular. Görüş Azərbaycanın dünya birliyində rolunun genişləndiyinin və bunun xarici ölkələr tərəfindən də dəyərləndirildiyinin bir daha təsdiqidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə