"Qoşulmama Hərəkatına sədrlik ölkəmizin böyük nüfuzundan xəbər verir" MÖVQE-ÖZƏL
"BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatın toplantısının Bakıda keçirilməsi və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü ölkə olduğunu deyən deputat söyləyib ki, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır.
Onun sözlərinə görə, Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir: "Bu uğurlar əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb. Azərbaycan uğurla inkişaf edir, ölkəmizin dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi ölkəmizin müstəqillik tarixində ən böyük siyasi hadisələrdən biridir. Həmçinin, 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından ölkəmizə mühüm dividendlər gətirəcək".
P.Kərimzadə söyləyib ki, Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır: "Bu Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb. Ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünə, onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən Hərəkatda iştirak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB