"Aparılan islahatlar əvvəlcədən planlaşdırılıb" - MÖVQE

"Aparılan islahatlar əvvəlcədən planlaşdırılıb" - MÖVQE

"İstər əhalinin rifah halının yaxşılaşdırmasına yönəlmiş sosial islahatlar, istər kadr islahatları, istərsə də digər sahələrdə aparılan islahatlar barəsində Prezident İlham Əliyev hələ prezidentliyə namizədliyini irəli sürərkən ölkədə əsaslı və kardinal dəyişikliklər aparılacağını və islahatların sürətlə davam edəcəyini demişdi. Bunu SİA-ya açıqlamasında QHT rəhbəri Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, cənab Prezident 2018-ci il aprel ayında yenidən ölkə prezidenti seçiləndə ilin sonuna qədər bu proqramlar hazırlanmağa başlayıb, hesablamalar aparılıb. “İlin əvvəlində bank problemi ilə bağlı böyük dəyişikliklər edilməsi, minimum əmək haqqları və pensiyaların minimum miqdarının artırılması kimi proseslər baş verib və demək olar ki, il boyu kadr islahatları davam edib”.

QHT rəhbəri vurğulayıb ki, bildiyiniz kimi əvvəlcə hüquq-mühafizə orqanlarında uğurlu təyinatlar olub. “İctimaiyyət arasında yaxşı reputasiyaya malik şəxslər vəzifəyə təyin olunub. Həm cənab Ramil Usubovun Təhlükəsizlik Şurasına gətirilməsi, həm Vilayət Eyvazovun daxili işlər naziri təyin olunması, Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin olunması və digər bundan sonrakı təyinatlar hamısı əhali arasında xoş təəssürat yaradıb. Yəni bu mən sosioloji sorğuların nəticəsinə istinadən deyirəm”.

S.Məmmədov ölkədə aparılan kadr islahatlarından danışarkən qeyd edib ki, indi də başlanmış son təyinatlarda həm kadr islahatı, həm də idarəetmədə islahatlar var. “Nazirliklərin, xüsusən fiksal sahədə siyasət aparan nazirliklərin birləşdirilməsi də özlüyündə struktur islahatıdır. Eyni zamanda Baş nazirin müavinlərinin əvəzlənməsi, bunun ardınca Prezident Administrasiyasının rəhbərinin xahişinə baxılaraq onun istefasının qəbul olunması və.s bunlar hamısı ciddi islahatların tərkib hissəsidir. Biz əlbəttə bunu görürük və bir qədər də təəccüblənirik, lakin bu islahatlar əvvəlcədən planlaşdırılıb. İslahatların dərinləşdiriləcəyi barədə vədlər verilib Prezident tərəfindən və onlar həyata keçirilməkdədir. Mən hesab edirəm ki, bu islahatlar davam edəcək. Yalnız struktur, kadr və sosial islahatlar sahəsində yox, eni zamanda digər bizim həyatımızı əhatə edən digər sahələrdə də islahatlar var və onlar dərinləşdiriləcək. Biz yəqin ki, yaxın günlərdə nəyinki kadr, struktur, sosial reformlar sahəsində digər sahələrdə bu kimi islahatların aparılacağının şahidi olacağıq”.

Aysel Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə