"Türkdilli dövlətlərin inteqrasiyasında Azərbaycan mühüm rol oynayır" ÖZƏL-MÜNASİBƏT

"Türkdilli dövlətlərin inteqrasiyasında Azərbaycan mühüm rol oynayır" ÖZƏL-MÜNASİBƏT

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin özü tarixi əlamətdar hadisədir". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, türkdilli dövlətlərin inteqrasiyasında Azərbaycan mühüm rol oynayır: “Bu inteqrasiyanın, türk dövlətlərinin əməkdaşlıqlarının dərinləşdirilməsində, Azərbaycanın çox geniş imkanları və potensialı var. Türkdilli ölkələrin təşkilatlanmasının mühüm bir mərhələsi Naxçıvanla bağlıdır. Belə ki, Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının əsası ilk dəfə Naxçıvanda qoyulub və bunun Naxçıvanda qoyulmasının özü, Prezident İlham Əliyevin sözləri ilə desək, “simvolik” hadisədir".

Vaxtı ilə Sovet rəhbərliyində olan erməni ünsürlərinin təsiri nəticəsində Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşsə də bu gün türk dövlətlərinin inteqrasiya prosesinin Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının məhz Naxçıvanda keçirilməsi, əvvəlki kimi türk dünyası ilə Azərbaycanın birləşdirilməsi prosesində, Naxçıvanın önəmli rolunu bir daha ortaya qoydu”, deyə baş redaktor bildirib.

Həmçinin, A.Quliyev qeyd edib ki, Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının əsasının Naxçıvanda qoyulması ilə türk dünyasının bütövləşmə prosesinin də əsası qoyuldu: “Bu nöqteyi-nəzərdən Azərbaycan türkdilli dövlətlərin inteqrasiya prosesində çox önəmli rol oynayır. Bu gün də Azərbaycanın imkanları hesabına Mərkəzi Asiyanın Türk dövlətləri ilə Türkiyə arasında əlaqələrin mühüm hissəsi məhz Azərbaycan vasitəsi ilə gerçəkləşir. Bu gün Azərbaycanın enerji, nəqliyyat və tranzit imkanları, Türk dövlətlərinin inteqrasiya prosesində böyük rol oynayır. Zirvə görüşünün Azərbaycanda keçirilməsi, ölkəmizin önəminini sübut edir. Bir daha Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğu dünyaya nümayiş olundu və bir daha dünya şahid oldu ki, türk dövlətlərinin inteqrasiya prossesində Azərbaycan çox böyük qüvvədir”.

Baş redaktor onu da vurğulayıb ki, Zirvə görüşündə dünyaya inteqrasiya ilə bağlı maraqlı mesajlar və xüsusilə Dağlıq Qarabağ problemi ilə bağlı çox mühüm bəyanatlar verildi: “Türkdilli ölkələr Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini birmənalı olaraq bir daha bəyan etdilər. Ermənistanın təcavüzkar ölkə olduğu barədə bir daha mesajlar verildi. Türk dövlətlərinin həm də müsəlman ölkə olaraq bu Zirvədən bütün İslam dünyasına maraqlı mesajlar verildi ki, Ermənistanın İslam dövlətləri ilə əlaqə qurmaq səylərinin qarşısı alınmalıdır və Ermənistana bu nöqteyi-nəzərdən heç bir ümid verilməməlidir”.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə