Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə silsilə anma mərasimləri keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, bu çərçivədə 24 fevral tarixdə Britaniya Parlamentinin Lordlar Palatasında Səfirlik və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Parlamentin üzvləri, diplomatik korpus və yerli ictimaiyyət nümayəndələri, Qafqaz regionu üzrə tədqiqatçılar, Azərbaycan və türk icmalarının üzvləri, London və ölkənin müxtəlif şəhərlərində təhsil alan Azərbaycanlı tələbələr və Səfirliyin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Lord Laird açıb, Xocalı faciəsi haqqında iştirakçılara qısa məlumat verib. Səfir Fəxrəddin Qurbanov öz çıxışında faciəni ötən əsrdə baş vermiş ən qanlı olaylardan biri kimi səciyyələndirərək, erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam nəticəsində 613 mülki vətəndaşın qətlə yetirildiyi, minlərlə insanın öz yurdundan didərgin salındığını vurğulayıb. Əsas natiq qismində tədbirdə çıxış edən kanadalı tədqiqatçı, hərbi jurnalist, "Barışmaz Ziddiyətlər: Türkiyə, Ermənistan, Azərbaycan" kitabının müəllifi Skott Teylor öz çıxışında tədqiqatçı kimi regiona, o cümlədən işğal altındakı Dağlıq Qarabağa səfərlərini xatırladıb, Xocalıda baş verənləri insanlığa qarşı cinayət adlandırıb və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin yerinə yetirilməməsini qəbuledilməz hal hesab edib. "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlərin faciə haqqında geniş ictimaiyyətdə məlumatlılığı artırdığı və bununla bağlı işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb. Faciəyə beynəlxalq səviyyədə hüquqi qiymət verməyin zəruriliyini vurğulayan T. Heydərov "Xocalıya Ədalət" məlumatlandırma kampaniyası nəticəsində artıq dünyanın müxtəlif yerlərindən 124 min şəxsin bu aksiyaya qoşulduğunu qeyd edib.
Tədbir iştirakçıların mövzuya dair sualları əsasında müzakirələrlə yekunlaşıb.
23 fevral tarixdə York Universitetində Səfirlik və York-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqazda Münaqişələr" mövzusunda ictimai mühazirə təşkil edilib. Mühazirədə York Universitetində təhsil alan xarici və Azərbaycanlı tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə Cəmiyyətin sədri Ramin Həkimov açaraq, Xocalı faciəsi və "Xocalıya Ədalət" kampaniyası haqqında məlumat verib. Tədbir iştirakçılarına faciənin baş verdiyi şərait, silahsız insanlara qarşı erməni hərbi birləşmələri tərəfindən törədilmiş zorakılıq və "Xocalıya Ədalət" kampaniyası haqda məlumatlandırılıb.
Səfirliyin dəstəyi ilə həmçinin Böyük Britaniyanın Kardif, Mançester və Danimarkanın Odense universitetlərində təhsil alan Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Xocalı faciəsi ilə əlaqədar müxtəlif aksiyalar təşkil olunmuşdur. Həmçinin 25 fevral tarixdə Londonun mərkəzi Trafalqar meydanında Britaniyanın müxtəlif şəhərlərində təhsil alan Azərbaycanlı tələbələrin iştirakı ilə dinc aksiya keçirilib. Üzərində Xocalı faciəsi və "Xocalıya Ədalət" kampaniyası ilə bağlı şüarları əks etdirən köynəklər geyinən aksiya iştirakçıları tərəfindən Xocalı ilə bağlı çoxsaylı broşur və kitabçalar şəhər ictimaiyyətinə paylanıb, müxtəlif şüarlar səsləndirilib. Aksiya iki saat davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB