"Rusiya bir sıra məsələlərdə Azərbaycanın həlledici rolunun olduğunu qəbul edir" RƏY-ÖZƏL
"Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə "Valday" Beynəlxalq Disskusiya Klubunun sessiyasına qatılması iki ölkə arasında münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, Azərbaycan Prezidentinin böyük nüfuzuna dəlalət edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, müasir dünyanın ən aktual məsələlərinin müzakirə olunduğu sessiya çərçivəsində Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutmuş görüşdə əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu:
"Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, eləcə də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də ayrıca olaraq qeyd etdi. O çıxışı zamanı vurğuladı ki, Rusiya Prezidenti ilə intensiv görüşür. Hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Həm Azərbaycan, həm də Rusiya tərəfi münasibətləri strateji xarakterli hesab edirlər".
Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun hazırkı səviyyəsini səmərəli əməkdaşlığın mühüm komponenti təşkil etdiyini deyən politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin də "Valday" Beynəlxalq Diskussiya Klubunun sessiyasında qeyd etdiyi kimi, ölkə başçıları və digər rəsmi səviyyələrdəki sıx təmaslar əməkdaşlığı daha da dərinləşdirir.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında münasibətlərin strateji xarakterini təyin edən mühüm amillərdən biri də ondan ibarətdir ki, ikitərəfli səmərəli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin koordinasiyası da müşahidə olunur: "Rusiya Azərbaycanı potensiallı olmaqla yanaşı, həm də etibarlı və səmərəli tərəfdaş kimi qəbul edir".
E.Mirbəşiroğlu qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə məhz Azərbaycandır: "Rusiya həm də regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycanın həlledici rolunun olduğunu qəbul edir. Bütün bunların fonunda nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində xüsusi dinamiklik qazanır. Xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması əlavə uğurlu əməkdaşlıq platforması kimi nəzərdən keçirilməlidir. Bütün parametrlər üzrə Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt tendensiyasına malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB