“Prezidentin “Qarabağ Azərbaycanındır və Nida” sitatı dünya tərəfindən dəstəklənir” AÇIQLAMA-ÖZƏL

“Prezidentin “Qarabağ Azərbaycanındır və Nida” sitatı dünya tərəfindən dəstəklənir” AÇIQLAMA-ÖZƏL

“Bildiyiniz kimi bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiyanın Soçi səfərinə rəsmi səfərə gedərək dünyanın bir çox qlobal məsələlərinin müzakirəsi aparıldığı “Valday” klubunun tədbirində iştirak edib. Bununla yanaşı, səfər zamanı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə təkbətək, eləcə də geniş tərkibdə görüş keçirilib, ölkələr arasında münasibətlərlə bağlı mühüm müzakirələr aparılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib

Ölkə başçısının “Valday” klubunun tədbirində geniş nitqlə çıxış etdiyini xatırladan deputat söyləyib ki, Prezident İlham Əliyevin də söylədiyi kimi Azərbaycan-Rusiya bir-biri ilə sıx münasibətlərə malik olmaqla yanaşı, strateji müttəfiqliq əlaqələrinə malikdir.

C. Osmanov bildirib ki, Rusiya Azərbaycanla mehriban qonşudur: “Səfər zamanı dövlət başçıları iki ölkə arasında həm siyasi, həm turizm, həm hərbi-texniki, həm də enerji sahəsi ilə bağlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Prezident İlham Əliyevin də vurğuladığı kimi Rusiya ilə Azərbaycan arasında 5 milyard dollar həcmində hərbi texnikanın alınması istiqamətində müqavilələr imzalanıb və artıq onun 3 milyard dolları realizə olunub. Eyni zamanda 2018-ci ildə Rusiyadan Azərbaycana 880 min nəfər turist gəlib. Dövlət başçısı onu da qeyd etdi ki, turistlər təkcə görməli və ləziz yeməyi olan yerlərə getmir, onlar eyni zamanda sabit və əmin -amanlıq olan əraziləri seçirlər. Azərbaycan bütün dünya turistləri üçün əlverişli ölkədir və dövlətimizdə həm əmin-amanlıq, həm də sabitlik mövcuddur”.

İki ölkə arasında əlaqələrin sıx olduğunu deyən deputat söyləyib ki, Azərbaycan 2019-cu ilin iyun ayında Avropa Şurasının Parlament Assambleyasında Rusiyanın təkrarən həmin quruma qayıtmasının lehinə səs verərək qonşu ölkəyə dəstək olub.

Ölkə başçısının “Valday” klubunun tədbirində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə toxunan C. Osmanov qeyd edib ki, Prezident İlham Əliyev nitqində ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyənatlarına cavab olaraq Dağlıq Qarabağın ölkəmizin əzəli torpaqları olduğunu bütün dünyaya bir daha çatdırmış oldu: “Cənab Prezidentin “Qarabağ Azərbaycanındır və Nida” sitatı artıq bütün dünya tərəfindən alqışlanaraq, dəstəklənir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə