Prezidentin cavabı, Paşinyanın və onun Azərbaycan uzantılarının nokautu

Prezidentin cavabı, Paşinyanın və onun Azərbaycan uzantılarının nokautu

Bu gün Azərbaycanımız, elə bir dönəmdən keçir ki, dövlətçiliyinə zərbə vurmağa, xalqımızın iradəsini qırmağa, dünyada gözdən salmağa çalışan qüvvələr hər gün hücumlar edirlər. Dağlıq Qarabağda silahlar susmur, atəşkəs hər gün pozulur. Virtual aləmdə də, informasiya müharibəsi cəbhəsində də anti-Azərbaycan mərkəzlərinin təxribatları, uydurmaları və dezinformasiyaları ara vermir.
Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında qondarma Dağlıq Qarabağ rejiminin bayrağının dronla meydanın ortasına gətirilməsi Azərbaycanda Müsavat başqanlığına namizəd Tofiq Yaqublunun Paşinyanı dünyanın ən demokratik lider elan etməsi ilə eyni dərəcədə xəyanət əməli kimi dəyərləndirildi. T.Yaqublu deyir ki, Paşinyan dünyanın bu dəqiqə ən parlaq demokratlarından biri, sürətli islahatlar aparan, iqtisadi-siyasi, ölkəsində cürbəcür islahatlara nail olan və dünyanın ən ali, mötəbər məclislərində çıxış edən, mötəbər rəhbərlərlə görüşən adamdır...

Sirr deyil ki, hər gün “Azərbaycan saatı”, “Osmanqızı”, “Azad söz” «youtube» kanallarında canlı yayıma çıxıb Paşinyan haqqında yarım saat çıxış edən Ə.Kərimli, G.Hacıbəyli, C.Həsənli də T.Yaqublu kimi Ermənistanın baş nazirinin mətbuat katibi tək, onun bəy tərifi ilə məşğul olurlar. Bir zamanlar Ruslan Bəşirli adlı gənci ermənilərlə görüşə göndərən, Qarabağı 2000 dollara satdıran Ə.Kərimli bu gün Paşinyanın trolu kimi onun təbliğatını aparır, Azərbaycan ictimai rəyində “Paşinyan adlı demokratik lider” obrazı yaratmağa çalışır.
Mən onları qınamıram. Çünki, Ə.Kərimli həmin adamdır ki, Şəhidlər Xiyabanında aksiya keçirir, 20 Yanvar faciəsi gününü siyasi şouya çevirir. “Azərbaycan saatı”nın rəhbəri Q.Zahid isə, həmin troldur ki, 26 fevral Xocalı soyqırımı günü “3 Palma” saunasında eyş-işrət məclisi qurmuşdu. Məhz onların təsirinin nəticəsidir və verdikləri tezislərin istiqamətləridir ki, T.Yaqublu bu gün Dağlıq Qarabağ münaqişəsində ermənilərin mövqeyini müdafiə edir.

S.Osmanqızı, G.Hacıbəyli, C.Həsənli, Q.İbadoğlu kimilər də erməni əsilli Ramiz Barseqyanın süfrəsindən qidalanıb erməniləşir və “Dağlıq Qarabağda ermənilər qəbirləri dağıtmayıblar” deyən Orduxan Teymurxanın uzun saçlarına sığal çəkirlər.

Ə.Kərimli və onun trol komandası Paşinyanın BMT-dəki çıxışı haqqında elə sevinclə danışırdılar ki, sanki ataları onlara “pultlu oyuncaq” alıb. Simasızlaşmış və mənəvi deqradasiyaya uğramış formada Azərbaycan hakimiyyətini, dövlətini və xalqını alçaldıb, erməniləri və onların baş nazirini nümunə olaraq göstərən kərimlilər, hacıbəylilər, yaqublular, osmanqızılar, qənimətlər ölkə Prezidentinə belə söz atmaqdan zövq alırdılar. Lakin bu, həmin Prezidentdir ki, onun formalaşdırdığı hüquqi və demokratik ölkənin azad mühitindən istifadə edib, Əli Kərimli kimilər ağlına deyil, ağızlarına gələni danışırlar. Bu, həmin Prezidentdir ki, Əli Kərimli kimilərə sərbəst toplaşmaq azadlığını tanıyır və onlara şərait yaradır. Bu, eyni zamanda, həmin Prezidentdir ki, Valday müzakirələrində Paşinyana verdiyi cavabla, nəinki Ermənistanın baş nazirini, hətta onun Azərbaycan uzantılarını və onların maliyyə qaynağı olan erməni lobbisini belə nokauta salır.

“QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ” bəyanatı və "Qarabağ"ın 4-1 hesablı qələbəsi Paşinyan və onun Azərbaycan uzantılarının son 4 ay ərzində apardıqları anti-Azərbaycan təbliğatının, təxribatının üzərindən qalın xətt çəkdi və onu iflasa uğratdı.

Bir anlıq düşünün ki, Ermənistana və Paşinyana hər gün mədhiyyələr deyən Ə.Kərimli və onun trol komandası hakimiyyətə gəlsə, Azərbaycanın perspektivi necə olar? Həqiqətənmi, Azərbaycan bugünkü kimi güclü, demokratik və suveren olar bilər? Xeyr, bu gün müxalifətdə ola-ola xalqın və dövlətin milli maraqlarını satışa çıxaran Ə.Kərimli kimilərin hakimiyyətə yiyələnməsi ölkəmizin 1992-ci ilin vəziyyətinə qayıtmasına gətirib çıxarar. Lökbatanda 1000 adamı bir yerə toplaya bilməyəcəyini anlayıb, mitinq keçirməkdən qorxan Ə.Kərimli Qarabağın azad olunması və xalqımızın maraqlarının qorunması üçün iradə ortaya qoya bilərmi? Xeyr heç bir zaman. 1992-1993-cü illərin xatirələri hələ də yaşayır…

Yaxın bir dostumuzun çox yaxşı fikirləri var. Onun müəlliflik hüquqlarını pozmaq istəməzdim, amma yeri gəldiyi üçün, demək istəyirəm. Dövlət bir atadır. Atamızı sevməyimiz onun maddi imkanı ilə ölçülmür. Atamız bir gün imkanlı, bir gün imkansız olar. Lakin biz buna görə sevmirik atamızı. Atamızı, məhz bizi qoruduğu üçün, yetişdirdiyi üçün sevirik. O, bizi qorudu və yetişdirdi. İndi isə, atamızı qorumaq bizim borcumuzdur. Dövlətimizi qoruyaq, Vətənimizi sevək…

Ramil Vəlibəyov,
YAP Nizami RT GB sədrinin müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə