Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri dinamik inkişafda
Prezident İlham Əliyevin hücum diplomatiyası: "Qarabağ Azərbaycandır və nida işarəsi"
Məlum olduğu kimi, sentyabrın 1-də Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısının Rusiya prezidenti ilə görüşü olub. Görüşdə dövlət başçıları qeyd ediblər ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Ölkələrimiz arasında etibarlı və mehriban dostluq, qonşuluq münasibətləri mövcuddur. Bu, əlaqələrimizin hərtərəfli inkişafına münbit şərait yaradır.
Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Ən yeni tarixə qısa ekskurs edərək, xatırladaq ki, sovetlər birliyi dönəmində də Rusiya ilə Azərbaycanın münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə qurulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərləri və səfər zamanı imzalanan sənədlər, verilən bəyanatlar iki ölkə, iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərin, yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin əyani nümunəsidir. Bu, Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin növbəti təzahürüdür.
"Bizim üçün Rusiya ən mühüm tərəfdaşdır"
Oktyabrın 3-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib ki, Rusiya Azərbaycan üçün ən mühüm tərəfdaşdır: "Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm".
Ölkə başçısı çıxışında qeyd edib: "Sizin qeyd etdiyiniz kimi, biz müəyyən müddətdə, daha dəqiq desəm, dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir. Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır - keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz "Yol xəritələri"nin reallaşdırılması da, əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.
Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost və mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya, əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq".
"Qarabağ Azərbaycandır və nida işarəsi"
Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki "Valday" forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub: "Mən Ermənistan baş nazirinin, təəccüb doğuran "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi"
Azərbaycan Prezidenti onu da qeyd edib ki, Rusiya "Valday" forumu çərçivəsində Ermənistan tərəfinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlarına müvafiq reaksiya verib.
Həmçinin, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla, məqbul olması barədə açıqlamasına da toxunub: "Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var".
"Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur" deyə Azərbaycan dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidentinin bu möhür və nidası "yatıb-oyandığını" hələ də dərk etməyən və hansı oyuna düşdüyünü tam anlamayan küçə "demokratı" Paşinyan bundan sonra da anlamayacaq. Və Azərbaycanın dövlət başçısının erməni "nöqtə"sinə nida ilə cavabı bu məsələdə son sözün kimə aid olduğuna da açıq işarədir. Və nida həm də xəbərdarlıq, həyəcan ifadə edir. Bununla bildirilir ki, bütün dünya bilir ki, danışlqlar erməni tərəfinin təxribatçı mövqeyi səbəbindən dayandırılıb. Ancaq hələ də aprel zərbəsinin ağrısı ilə yaşayan Ermənistan və erməni xalqı bu reallığı anlamır. Anlamır ki, bu, Azərbaycanın haqlı mövqeyidir, Qarabağ məsələsinə də nöqtəni də, nidanı da Azərbaycan dövləti qoyacaq!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB