YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib

YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib

Bu gün YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. İclasda 30 avqust 2019-cu il tarixində YAP-ın İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə keçirilən müşavirədən irəli gələn vəzifələrin icra vəziyyəti və bələdiyyə seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələr və digər məsələlər müzakirə edilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev diqqətə çatdırıb ki, Azərbaycanda aparılan düzgün, düşünülmüş siyasət və ölkə başçısı İlham Əliyevin idarəetmə məharətinin nəticəsidir ki, bu gün ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, qibtə olunacaq səviyyədə ictimai-siyasi sabitlik, ölkənin iqtisadi inkişafının əsasını təşkil edən əlverişli sahibkarlıq və biznes mühiti, vətəndaş cəmiyyətinin bütün zəruri institutları formalaşmışdır. Deputat vurğulayıb ki, ölkəmizdə neft gəlirlərindən düzgün istifadə olunur, bu gəlirlər Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrinin inkişafına, xüsusilə, əhalinin rifahının, sosial həyat səviyyəsinin ildən-ilə yüksəlməsinə, insan kapitalının formalaşmasına sərf olunur: "Sosial paket çərçivəsində son illər aparılan sistemli islahatların nəticəsində, 4 milyon insanın əməkhaqlarının, sosial müavinətlərinin, ümumiyyətlə, ölkədə minimum əmək haqqının artması əhalinin həyat səviyyəsini daha da yüksəltmişdir."

Millət vəkili qeyd edib ki, Azərbaycanın uğurları, müstəqil iqtisadi siyasəti, dövlətimizin öz sərvətlərinin sahibi olması, ilk növbədə, bizim əzəli düşmənlərimizi və məlum xarici qüvvələri narahat edir. Bu səbəblə də ölkəmizə, dövlətimizə, iqtidar partiyasına qarşı yalan-yanlış məlumatlar, təhrif olunmuş göstəricilər, əsassız qarayaxmalar və hər cür şər-böhtan vasitəsilə, əsasən, mühacir müxalifəti tərəfindən, virtual olaraq, sosial şəbəkələrdə çirkin anti-

Azərbaycan kampaniyaları təşkil olunur. İctimaiyyət bu kimi qarayaxma təbliğatının mənbələrini, sifarişçilərini, ölkədaxilində və xaricindəki icraçılarını çox gözəl bilir, bu səbəblə də, Azərbaycan cəmiyyəti hazırda heç bir sosial bazası olmayan və virtual məkanda reallığa uyğun gəlməyən təbliğat ilə məşğul olanlara layiqli şəkildə cavablar verir.

İclasda, yeni təsis edilən ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılıb. "Turizm işçiləri" (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi) ərazi ilk partiya təşkilatlarının qeydiyyata alınması barədə qərar yekdilliklə qəbul olunub.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə