"Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşamaqdadır" ÖZƏL-ŞƏRH
"Ümummilli lider Heydər Əliyevin banisi olduğu və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft sazişinin reallaşmasının 25 illiyini qeyd etdiyimiz dövrdə xalqımız Ulu öndərini bir daha ehtiramla və sevgi ilə anır. Məhz Heydər Əliyevin memarı olduğu enerji müasir Azərbaycanın uğurlu inkişafını təmin edən faktor olması və bu strategiyanın xalqımız, dövlətimiz üçün əvəzsiz rolu danılmazdır. Və bu günkü müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın nəhəng neft şirkətləri ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” imzalanan saziş dünya dövlətlərinin nəzərini bir daha Azərbaycana cəlb etməklə bərabər, eyni zamanda, neft sənayesinin beşiyi hesab olunan Azərbaycanın tarixi şöhrətini yenidən bərpa etdi: "O dövrü yaşamış insanlar yaxşı xatırlayırlar ki, olduqca kritik bir dövrdə Ümummilli lider faktiki olaraq qeyri-mümkün görünən ağır bir vəzifənin öhdəsindən gəlmək məharətini ortaya qoydu və xalqımız üçün taleyüklü əhəmiyyət daşıyan, sonrakı dönəmlərdə dövlətimizin həm inkişafına, həm təhlükəsizliyinə əvəzsiz töhvələr verəcək addımı atdı. Xalqın marağını dövlətimizin əleyhdarlarının maraqlarından üstün tutmaq və xalqın marağını əsas götürməklə qərbin nüfuzlu neft şirkətləri ilə milli mənafelərə söykənən səmərəli əməkdaşlıq qurmaq, bölgəyə müasir texnologiyalar, yeni nəsil avadanlıqlar, ən əsası isə yeni istehsalat münasibətləri gətirmək xəttini müqavilədə təmin edən Ümummilli lider böyük uzaqgörənlik və siyasi müdrikliklə bu müqavilənin imzalanmasını reallaşdırdı. Beləliklə də, sonrakı dönəmlərdə ulu öndərin əsasını qoyduğu neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaratdı.
Hazırda karbohidrogen ehtiyatlarımız fərqli marşrutlarda neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir və enerji təhlükəsizliyimizin vacib elementləri kimi Azərbaycanı Avropa və dünya bazarı ilə birləşdirir. Hazırda biz Avropanın ən böyük infrastruktur layihəsi olan “Cənub” qaz dəhlizi layihəsini uğurla reallaşdırmaqda davam edirik və təsadüfi deyil ki, 3500 kilometrlik bu nəhəng və möhtəşəm enerji layihəsini möhtərəm Prezidentimiz cənab İlham Əliyev “21-ci əsrin layihəsi” adlandırmışdır.
“Cənub” qaz dəhlizinin tərkib hissələri kimi Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihələri Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyətini bir daha artırmaqdadır. Mənbəyini Azərbaycandan götürmüş nəhəng enerji layihələri neft-qaz sektorumuzun yeni inkişaf dövrüdür və “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə, eyni zamanda, Neftçilər Gününə həsr olunmuş mərasimdə cənab Prezidentin də qeyd etdiyi həqiqətin təsdiqidir ki, bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşamaqdadır. Və bu inkişaf dövlətimizin, xalqımızın yeni-yeni uğurlarının reallaşması üçün ciddi iqtisadi baza rolunu oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB