Beynəlxalq Mətbuat İnstitutunun nümayəndə heyəti bir sıra görüşlər keçirib

Beynəlxalq Mətbuat İnstitutunun nümayəndə heyəti bir sıra görüşlər keçirib

Azərbaycanda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Makkenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milz fevralın 22-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda BMİ-nin Azərbaycan Milli Komitəsinin (BMİ AMK) sədri Umud Rəhimoğlu və üzvləri ilə görüşüblər.

BMİ AMK-dan SİA-ya bildiriblər ki, U.Rəhimoğlu BMİ AMK-nın fəaliyyəti, ölkəmizdə medianın vəziyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda son illər medianın inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışılıb. U.Rəhimoğlu BMİ-nin missiyasının yalnız və yalnız dialoq, qarşılıqlı anlaşma olduğunu vurğulayaraq deyib: "Beynəlxalq Mətbuat İnstitutunun bütün media problemlərini yalnız qarşılıqlı anlaşma və dialoq yolu ilə həll etməyi qarşısına məqsəd qoyub. Beynəlxalq Mətbuat İnstitutu, onun Azərbaycan Milli Komitəsi ortaya çıxan problemlərin həlli zamanı daim obyektiv mövqe nümayiş etdirməyə, hadisələrə tərəfsiz yanaşmağa çalışır. Təəssüf ki, bəzən mətbuatın problemlərinə qərəzli və radikal yanaşanlar da olur. Bu isə bütövlükdə mövcud olan problemlərin həllinə mane olan amillərdən biridir".

A.B.Makkenzi və A.Milz BMİ-nin fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıblar. Konkret təkliflər ətrafında aparılan danışıqlarda BMİ-nin milli komitələrinin toplantısının ölkəmizdə keçirilməsi, qurumun nəşrlərinin Azərbaycan dilinə tərcümə edilib yayılması, münaqişələrin həllində jurnalistlərin yaxından iştirakı və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə BMİ AMK-nın üzvləri rəy və təkliflərini bildiriblər.

Səfər çərçivəsində BMİ nümayəndə heyəti digər görüşlər də keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə