“Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub

“Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub
Milli Məclisin iclasında "Aviasiya haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, layihədə göstərilib ki, Azərbaycanda dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, bundan başqa, Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsi qadağan edilən əşyaların siyahısı hava limanlarındakı sərnişinlərin gediş-gəliş yerlərində, baqajların və yüklərin yoxlanılma məntəqələrində sərnişinlər üçün yaxşı görünən yerlərdə lövhələrdə yerləşdirilməlidir.

Müzakirələr zamanı YAP-dan olan deputat Siyavuş Novruzov aeroporta girişin pullu olmasını tənqid edib. S. Novruzov aeoroporta marşrut avtobuslarının işləməsinin zəruriliyini vurğulayıb: "Aeroporta girməyə görə niyə pul alırlar mən bilmirəm. Bəlkə mən uzaqdan baxmağa gedirəm?".

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, aeroporta avtobus marşrutları işləmir. Q.Həsənquliyev Milli Məclis rəhbərliyinin bu məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalı olduğunu vurğulayıb. O, aeroporta girişə görə pul istənilməsinin də əleyhinə olduğunu deyib: "25 manat ucuzlaşdı, onu da taksilər tutub alır".

Milli Məclisin sədri Oqtay Əsədov isə vurğulayıb ki, hava limanına ictimai nəqliyyat məsələsi öz həllini tapmalıdır: "Ancaq bunu demək ki, burada korrupsiyadan danışmaq doğru deyil. Bu məsələlərlə bağlı dəqiqləşdirilmə aparıldıqdan sonra bir söz söyləmək olar".

Layihə səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə