Bakının qurtuluşu- işğaldan azad edilməsindən 101 il keçir

Bakının qurtuluşu- işğaldan azad edilməsindən 101 il keçir

Prezident İlham Əliyev: "Türk əsgərlərinin göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir"

Bu gün 15 sentyabr Bakının işğaldan azad olunmasından 101 il keçir. 101 il bundan əvvəl - 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə, özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşılarına qoyduqları missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləyərək, Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı.
Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının, bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.
Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxil olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi. Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də, qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər.

Tarix unudulmur və dəyişmir

Lakin 71 illik sovet hakimiyyəti dövründə bu hadisə yanlış kontekstdə izah olunub. Lakin bütün yanlışlıqlara baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını unutmadı, onu qəlbində yaşatdı. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan çıxışları zamanı bu tarixi hadisənin iki ölkə arasında qardaşlığın daima möhkm olduğunu bildiriblər.
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, müstəqilliyimizi ilk tanıyan Türkiyə olub: "Bu da bir qardaşlıq nümunəsi idi. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun".

Rəcəb Tayyib Ərdoğan: "1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil"

Bakının işğaldan azad olunması ilə bağlı keçirilən paradda iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək bildirib ki, tarixi unutmaq olmaz: "1918-ci il sentyabrın 15-i də qazanılmış böyük qələbəni kiçik, əhəmiyyətsiz göstərməyə çalışan bəzi qüvvələrin olduğunu bilirik. Buna təşəbbüs göstərənlər o dövrdə aldıqları ağır məğlubiyyətin rüsvayçılığını hələ də unuda bilməyənlərdir...Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik".
Beləliklə, tarixdə bu bağlılığı sübuta yetirən çox hadisələr baş verib. Ancaq 101 il öncə də, Nuru Paşanın Bakıya gəlişi bir daha "bir millət, iki dövlət" cümləsinin mənasını əməli yol ilə nümayiş etdirdi.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə