Magistraturaya qəbul imtahanının birinci mərhələsində 16 510 bakalavrın iştirak edəcəyi gözlənilir

Magistraturaya qəbul imtahanının birinci mərhələsində 16 510 bakalavrın iştirak edəcəyi gözlənilir
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağizadənin SİA-ya verdiyi xəbərə görə, magistratura imtahanlarında iştirak etmək üçün 16 510 bakalavr qeydiyyatdan keçib. İmtahanın birinci mərhələsində yanvarın 25-dən fevralın 7-dək ərizələri Sənəd Qəbulu Komissiyasında təsdiq etdirən və fevralın 15-dən etibarən internetdə öz elektron ərizəsinə daxil olaraq birinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürən bakalavrlar iştirak edəcək.

Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində təşkil olunacaq imtahanlar eyni vaxtda – saat 14.00-da başlayır. İmtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə