Ermənistan daha böyük böhran məngənəsindədir

Ermənistan daha böyük böhran məngənəsindədir

İşğalçı ölkənin yeganə çıxış yolu işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir

Son günlər Ermənistanda iğtişaş və qarşıdurmalarla cərəyan edən hadisələrin təhlili bu ölkəni vaxtsız keçiriləcək parlament seçkiləri ərəfəsi daha böhranlı və ziddiyyətlərlə dolu günlərin gözlədiyini deməyə əsas verir. Xüsusilə də, Ermənistanın iqtisadiyyatının "ölü" vəziyyətdə olması ölkənin uçuruma yuvarlanmasını daha da sürətləndirir. Bu, reallıqdır. Çünki populist çıxışlar, yalan vədlər işğalçı ölkənin durumunu nə həll edə bilməz, nə də cibiboş nazirliklərin rəhbərlərinə kimsə qulaq asa bilməz. Bu səbədəndir ki, ölkədə hər gün etiraz aksiyaları keçirilir, yollar bağlanır və işçilər çörək tələb edir. Publisistlər, davamlı olaraq mətbuatda yazırlar ki, Ermənistanda görüntü var, ancaq çörək yoxdur. Postinqilabçı Ermənistanında narazılıq və güzəştə getməmək adi hala çevrilib. Başqa cür də ola bilməz. Çünki erməni hakimiyyətinin özü də inqilab sayəsində küçədən gəlib.

Tevos Arşakyan yazır: "Nikol Paşinyan insanları küçəyə çıxarmaqla, cini şüşədən buraxmış oldu"

Erməni politoloqu Tevos Arşakyan yazır: "Nikol Paşinyan insanları küçəyə çıxarmaqla, cini şüşədən buraxmış oldu və bu gün, o, göstərdiyi nümunənin meyvələrini dadır". T.Arşakyan, onu da yazır ki, baş nazir Nikol və onun "Mənim addımım" bloku ölkədəki acılığın səbəbini Rusiyada görür: "Pis də budur. Nə qədər ki, ermənilər öz günahlarını və səhvlərini başqalarının boynuna yıxacaqlar, Ermənistanda vəziyyət düzəlməyəcək. Paşinyan çalışır ki, Rusiyada yaşayan erməni iş adamlarının investisiyalarını Ermənistana yönəltsin. Lakin milyarderlərlə görüşlər bir fayda vermir. Çıxış yolu isə, Azərbaycana olan təcavüzkar siyasətin kökündən dəyişdirilməsidir. Ancaq Paşinyan və ondan əvvəlki rəhbərlər, hələ də bunu anlamırlar. Azərbaycan-Rusiya münasibətləri də, həmçinin. Gürcüstanda baş verənlər də Ermənistana ibrət dərsi olmalıdır. Belə bir məqamda, hansı ağıllı siyasətçi, Rusiyanın qucağını Qərbin qucağına dəyişmək fikrinə düşər?! Təbii ki, müstəqillik vacib şərtdir. Ancaq bir məsələ də var ki, ermənilərin işi əlaltılıq etmək olub".

Andrey Yepifantsev: "Küçə "demokrat"ı elə küçə şüarı deməkdən başqa bir şey bacarmır"

Rusiyalı politoloq Andrey Yepifantsev bildirir ki, "küçə "demokrat"ının avantürist fəaliyyəti, onu göstərir ki, o, şüarçılıqdan başqa bir şey bilmir: "Paşinyan boş-boş şüar deməyi bacarır. Çünki "küçə"dən hakimiyyətə gəlib. Ona görə də, yaxın zamanda Paşinyan xalqın kumirindən, uğursuz liderə çevriləcək. Çünki hakimiyyətə gəldiyi bu müddət ərzində, Paşinyan iqtisadiyyata yeni heç nə gətirməyib və bundanq sonra da, heç nə gətirməyəcək. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir və nəticədə, Ermənistanı iqtisadi kollapsa aparır. Paşinyanın proqramı, Ermənistanı təcriddə saxlayan digər proqramlar kimi, uğursuzluğa məhkumdur. Demək ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq".
Ekspertin sözlərinə görə, Ermənistanın potensial baş naziri təbiətcə fəraridir, buna görə də, seçiləndən sonra hara qaçacağını, bu başdan demək olduqca çətindir: "Dağlıq Qarabağda və onunla bağlı durum Nikol Paşinyandan asılı olmayacaq. Çünki Paşinyan hakimiyyətdə qalmayacaq. Eyni zamanda, politoloqlar, onu da bildirirlər ki, ölkənin belə çətin duruma düşməsində ən əsas amil Rusiya-Ermənistan münasibətlərinin gərgin vəziyyətə düşməsidir".

Rusiyalı hərbi ekspert:"Paşinyanın Qarabağla bağlı son bəyanatları siyasi avantürizmdir"

"Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son bəyanatları siyasi avantürizmdir. Bu bəyanatlar ictimaiyyətin diqqətini Paşinyan hakimiyyətinin buraxdığı səhvlərdən yayındırmaq məqsədi daşıyır".
Bunu Rusiyanın hərbi eksperti, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib: "Paşinyan məqsədli şəkildə hərbi ritorikadan istifadə edir. Onun ölkə ictimaiyyəti qarşısında əsas məsuliyyəti iqtisadi rifahı yüksəltməkdir. Paşinyan ölkə iqtisadiyyatını inkişaf etdirməli, maaşları artırlmalı, əhalinin yaşayış səviyyəsini yüksəltməli idi. Lakin indiyə kimi, o, bunu edə bilməyib. Buna görə də, ictimaiyyətin diqqətini özünün buraxdığı səhvlərdən yayındırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı hərbi ritorikadan istifadə edir və müharibə şüarları səsləndirir. Paşinyan gözəl başa düşür ki, onu hakimiyyətə gətirən küçə kütləsi, eyni ilə onun hakimiyyətini yıxa bilər. Onun məntiqi müvəqqəti məntiqdir. Bu cür bəyanatlar verərək, vəziyyəti gərginləşdirmək istəyir. Paşinyanın bəyanatları populizmdən başqa bir şey deyil. Fikrimcə, 6 aydan, maksimum 1 ildən sonra onun bu cür populist bəyanatları daha Ermənistan ictimaiyyətinə təsir edə bilməyəcək. Ermənistan cəmiyyəti çörək istəyir, güllə yox. Əgər Paşinyan bu cəmiyyətə istədiyi çörəyi verməsə, bu, onun sonu olacaq".

"Azərbaycan həmsədrlərə təsir etmək üçün beynəlxalq ekspert qrupları ilə işləməlidir"

Rusiyalı hərbi ekspert beynəlxalq ictimaiyyətin, o cümlədən, münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu tip bəyanatlara susqun qalmasına da münasibət bildirib. İ.Korotçenkonun qənaətincə, Azərbaycan bu məsələdə daha çox beynəlxalq ekspert qrupları ilə işləməlidir: "Anlaşılandır ki, həmsədrlər bu cür bəyanatları "iqnor" edirlər. Ona görə də beynəlxalq ictimaiyyətə güclü təsir edə biləcək ekspert qrupları həmsədrlərə təsir etməlidir. Həmin ekspert qrupları həmsədrlərdən belə bəyanatlar səslənən zaman niyə susduqlarını soruşmalı, onlardan reaksiya verməyi tələb etməlidirlər. Bunun üçün güclü ekspert dəstəyi lazımdır. Azərbaycan tərəfi beynəlxalq ekspert cəmiyyətinin potensialı barədə düşünməlidir. Məhz bunun köməyi ilə Ermənistan rəhbərliyin bu cür bəyanatlarına rəsmi səviyyədə reaksiya verilə bilər".
Göründüyü kimi, ölkədə baş verən etirazların səbəbi aydındır. Ən maraqlı məqam isə, son zamanlar düşmənin atəşkəsi intensiv şəkildə pozması hallarıdır. Bunun səbəbi isə, Nikol Paşinyanın hakimiyyətə gəlməzdən əvvəl, verdiyi vədləri yerinə yetirə bilməməsidir. Paşinyan etirazları səngitmək üçün sələflərinin taktikasından istifadəyə daha çox meyillənir. Yəni söhbət cəbhədə gərginliyi artırmaqla, diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir, daha dəqiq desək, sərhəd bölgəsində atəşkəsin pozulması, müxtəlif təxribatlara cəhd edilməsi, əsasən də, mülki əhalini hədəfə alması qeyd edilənlərin nəticəsi sayılır. Yeri gəlmişkən, qeyd edək ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov konkret tapşırıqlar da verib. Bütün bunlar, o deməkdir ki, düşmənin istənilən təxribatı, ona daha baha başa gələcək. Özü də yaranmış vəziyyətdə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Erməni xalqı həqiqətləri anlayır və Paşinyan isə səhvlərdən ibrət dərsi çıxarmır

Bu, bir faktordur ki, Azərbaycan Prezidentinin uzun illərdir bəyan etdiyi həqiqətləri erməni xalqı indi anlamağa başlayıb. Onlar indi dərk edirlər ki, ölkənin səfil vəziyyətə düşməsinin səbəbkarı sırf Qarabağ kartı üzərində hakimiyyətini qorumaq istəyən hərbi xunta olub. Gec də olsa, bunun fərqinə varan erməni xalqı hakimiyyəti devirib. Amma görünən odur ki, baş nazir Paşinyan əvvəlki hakimiyyətin səhvlərindən dərs çıxarmayıb. "Küçə demokratı" nə yalan vədlərə, nə də populist çıxışlara son qoyur. Nəticədə, düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətlə artırır. Prezident İlham Əliyev çıxışlarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar da edir. O, açıq şəkildə diqqətə çatdırır ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində, böyük ərazi nəzarətimizə keçdi".
Təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə, elə zənn edir ki, bu yolla nəyəsə nail ola biləcək. Bu isə, bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasətində, danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma bu, baş vermir. Əksinə, yeni rəhbərlik daha qeyri-konstruktiv mövqe nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmdə deyildi. Həmişə işıq yolu qoyurdular ki, danışıqlarla nəyəsə nail ola bilərlər. Paşinyan isə, öz mövqeyi ilə heç işıq yolu da qoymur. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoydu, bir daha xəbərdarlığını etdi. Bununla yanaşı, Azərbaycan cəmiyyəti də işğalın davam etməsindən yorulub. Eyni zamanda, Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoyulmasının mümkünsüzlüyünü qətiləşdirir.
Görünən odur ki, yeni baş nazir Paşinyan əvvəlki hakimiyyətin səhvələrindən nəticə çıxarmaq fikrində deyil. Onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə səsləndirdiyi absurd fikirlər, hər halda, belə bir təəssürat yaradır. Məsələn, Paşinyan deyir ki, hüquqi və mənəvi baxımdan, onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Yəni o, hər vəhclə qondarma rejimi tərəf kimi danışıq prosesinə cəlb etmək istəyir. Onun fikirlərinin cəfəngliyini göstərmək üçün çox sadə arqumentlər var. Heç Ermənistanın özünün belə tanımadığı qondarma qurum danışıqlarda necə müstəqil tərəf kimi çıxış edə bilər? Lap tutaq ki, Paşinyanın dediyi kimi, qondarma rejim müstəqil subyektdirsə, bəs onda erməni qoşunları Qarabağda və işğal altında olan digər rayonlarda nə gəzir? Bu bəyanatlar Paşinyanın çox naşı bir siyasətçi olduğunu göstərirməklə yanaşı, danışıqlar formatını dəyişdirmək cəhdiridr. Çox güman ki, dediklərinə onun özü də inanmır. Onun iddia etdiyi kimi, problem Qarabağ erməniləri ilə Azərbaycan arasındadırsa, yəni Ermənistanın bu məsələyə aidiyyati yoxdursa, onda Azərbaycan qısa müddətdə öz ərazisində olan terrorçu qruplaşmaya qarşı əməliyyatlarla problemin həllinə nail olar. Paşinyanın digər bir sərsəm və gülünc bəyanatı Azərbyacana ölümcül zərbə endirməklə bağlıdır. Bu isə aprel döyüşlərinin bütün erməni ictimaiyyətində olduğu kimi, Paşinyanda da yaratdığı travmanın nəticəsidir. Əgər Paşinyan prqamatik bir siyaçətçi kimi davransa, mövcud situasiyanı, hərbi və iqtisadi qüvvələr balansını düzgün qiymətləndirsə, öz xalqı üçün düzgün qərar qəbul edə bilər.
Beləliklə, bütün bu deyilənlərin məntiqi nəticəsi odur ki, nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə və məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə, itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır. Lakin Paşinyan anlamalıdır ki, əzəli-əbədi torpaqlarımız düşmən işğalı altında olduğu vaxtlarda Azərbaycan əsgəri silahını yerə qoymayacaq! Qalır bir yol: Ermənistanın havadarları güc tətbiq edərək, işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar. Bunun isə ehtimalı azdır. Onda Azərbaycan Ordusu "donuzu darıdan çıxarmalı" olacaq!

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə