Əli Kərimli Seymur Həzinin boynuna nə yüklədi? TƏRS BAXIŞ

Əli Kərimli Seymur Həzinin boynuna nə yüklədi? TƏRS BAXIŞ

AXCP sədri utanmaz-utanmaz guya onun azadlığa çıxmasına "sevinib", növbəti klounluq nömrəsini sərgiləyir...

Məlum olduğu kimi, 2014-cü ilin avqustunda AXCP funksioneri Seymur Həzi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdi və o, artıq cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Lakin S.Həzinin azadlığa çıxmasında gözlənilən məqam bu idi ki, harada aş, orada baş olan AXCP sədri Əli Kərimli bu dəfə də öz köhnə şakərindən geri qalmayaraq, dərhal həbsdən yenicə çıxmış şəxsin üzərindən öz reklamını apardı, daha doğrusu şəxsi maraqlarının təbliği ilə məşğul oldu. Nə etdi? Dərhal hakimiyyətə qarşı anti-təbliğat fikirləri qurub, özünü “mübariz müxalifət lideri” qismində ictimai rəyə sırıdı. Fakt budur ki, S.Həzi 5 il öncə məhkəməsində törətdiyi cinayəti qismən olsa da etiraf etmişdi. Yəni cinayət törətməsi faktını boynuna almışdı. Bəs indi nə baş verdi? Ə.Kərimli onun boynuna hansı şələləri yüklədi? Demə, S.Həzi bundan sonra “daha mübariz cəbhəçi” olacaq və s. və i...

Sən haradan bilirsən ki, bir müddət sonra S.Həzi də vaxtilə tərif elədiyin Ruslan Bəşirli, ya da digər səni rədd eləmiş sabiq cəbhəçilər kimi AXCP-yə və xüsusilə sənə tüpürüb kənar qaçmayacaq?

Adama deyərlər ki, ay “adam” sənin cəfəng, axmaq, sərsəm, cılız, düşmənçilik toxumu səpən iddiaların bahasına cinayət törətmiş digərinin üzərində bu qədər həyasız, siyapur olmağın az deyil, hələ onu növbəti cinayətlər törətməyə də təhrik edirsən? Yaxud sən haradan bilirsən ki, bir müddət sonra S.Həzi də vaxtilə tərif elədiyin Ruslan Bəşirli, ya da digər səni rədd eləmiş sabiq cəbhəçilər kimi AXCP-yə və xüsusilə sənə tüpürüb kənar qaçmayacaq? Bu sualları məhz adam olan kəsə vermək olar, bircə Ə.Kərimlidən başqa...

Ümumiyyətlə, əgər S.Həzinin 5 illik həbs həyatını səhifələyərsək, biz nə görərik? Misal üçün görərik ki, Ə.Kərimli bu illər ərzində bir dəfə olsa belə, həbsxana qapısını açıb, onun bu gün bəh-bəhlə bəytərifi etdiyi S.Həzini ziyarət etməyib. Uzağı onun evinə gedərək, çay süfrəsi arxasında poz verib-şəkil çəkdirib, sonra da həmin fotosunu “məzlumların lideri” başlığı statusunda sosial şəbəkələrdə paylaşıb. Axı Ə.Kərimli belə məsələlərdə əməlli-başlı blogedir..!

AXCP sədri həmin bədbəxtlərin həbsləri üzərində çox sevdiyi mikrofonu əlinə alaraq ağzına aparıb, bacardıqca bağırıb, özünütəbliğ ilə məşğul olub

Biz onun da şahidləri olmuşuq ki, zamanında Ə.Kərimlinin “tırkasına” gedən onlarla sabiq cəbhəçilər var ki, bu gün onun adı gələndə ürəkləri bulanır, ona nifrinlər edib, lənətlər yağdırırlar. Bilirsinizmi nəyə görə? Çünki həyatlarını bir axmaq “bəyə” görə güdaza veriblər, təhsillərini yarımçıq qoyublar, sevdiklərindən ayrı qalıblar, ailələrini dağıdıblar, normal insanlıq həyatlarını dörd divar arası ilə əvəzləyiblər. Bunun əvəzində isə, AXCP sədri həmin bədbəxtlərin həbsləri üzərində çox sevdiyi mikrofonu əlinə alaraq ağzına aparıb, bacardıqca bağırıb, özünütəbliğ ilə məşğul olub.

Əgər sabah-birigün S.Həzi Ə.Kərimlinin siyapur üzünə arxasını dönərsə, bundan heç də təəccüb eləmək olmaz. Nə çox olub ənənəvi, radikal, dağıdıcı müxalifətdə belə hallar! Ə.Kərimlidən üz döndərən cəbhəçilərin hər birinin adlarını burada sadalamaq texniki baxımdan mümkün deyil və söhbət yalnız Ə.Kərimidən də getmir. Çünki bu müxalifətin başından çıxmayan və onların “liderlərinin” beyinlərində şiş yaratmış ucuz küçə təfəkkürü hələ də qalmaqdadır. Əgər Ə.Kərimlidə də bu şiş varsa, həmin şiş İsa Qəmbərdə, Arif Hacılıda, o birisində-bu birisində də mövcuddur. Ona görə də, indi bənzər siyasi kütbeyinliklərin şahidlərinə çevrilib, əməlli-başlı şouları izləyirik. Necə ki, elə AXCP sədri utanmaz-utanmaz guya S.Həzinin azadlığa çıxmasına sevinib, növbəti klounluq nömrəsini sərgiləyir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə