"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır" RƏY-ÖZƏL

“Ölkəmizdə 2019-cu ilin əvvəlindən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən dövlət başçısı tərəfindən bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn xeyli sayda Fərman və sərəncamların imzalanması buna əyani sübutdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıdığını deyən deputat söyləyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanana inqilabi sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılması və digər belə tədbirlər bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb”.

S. Əliyeva qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olub: “Dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılıb. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə