"Sosial islahatlar paketində pensiya artımı xüsusi yer tutur" RƏY-ÖZƏL

Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklə əlaqədar Fərmanı ilk növbədə Azərbaycan xalqının rifahı və gələcəyi üçün həyata keçirilən sosial siyasətin məntiqi davamıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, ölkə başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur.

Deputat söyləyib ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış və həmin artım 233 min vətəndaşı əhatə etmişdi: “Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək”.

İ.Məmmədov söyləyib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək: “İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir”

Deputat qeyd edib ki, bu kimi qərarlar aparılan siyasətin mərkəzində insan amilinin dayandığının göstəricidir: "Biz əminik ki, hər bir Azərbaycan vətəndaşı davamlı olaraq bu qərarların bəhrəsini görür. Ölkənin iqtisadi inkişafı, ümumilikdə, Azərbaycan ailəsinin sosial durumunun yaxşılaşmasına xidmət edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə