Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib

Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib

2011-ci ilin əvvəlindən baş vermiş yanğın və dəm qazı ilə zəhərlənmə hallarının artması, qış mövsümündə Səbail rayonunda əhalinin elektrik enerjisi və təbii qazla təminatının, idarə və təşkilatlarda, yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vəziyyəti aktual məsələ kimi Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovun sədrliyi ilə keçirilən Şura iclasında geniş müzakirə olunub.

SİA-nın məlumatına görə, rayonun təsərrüfat xidmətlərinin, qəsəbə nümayəndəliklərinin, mənzil istismar sahələrinin, FHN Dövlət Yanğın Təhlükəsizlik Xidməti və Regional Mülki Müdafiə şöbəsi rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar üzrə rayon Komissiyasının rəhbəri Yavər Allahverdiyevin görülən işlərlə bağlı məlumatı dinlənilib.

Müzakirələrdə iştirak edən Səbail rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin rəisi Camal Hacıyev, rayon Qaz İstismar sahəsinin rəisi Sadıx Rəhimov, rayon Enerji Təchizatı və Satış İdarəsinin şöbə rəisi Ramiz Əhmədov, RİHBA rayon təsərrüfatı şöbəsinin müdiri Elman Yəhyayev və başqaları müzakirə olunan məsələlərlə bağlı görülməsi vacib olan tədbirlər barədə danışıblar.

İclasda qərara alınıb ki, yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi üçün mövsümün sonuna kimi ərazidə mütəmadi olaraq rayonun təsərrüfat xidmətlərinin nümayəndələri tərəfindən birgə reydlər keçirilsin, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların operativ şəkildə aradan qaldırılması, mövcud tüstü bacalarının bir daha yoxlanılaraq təmizlənməsi, qanunsuz birləşmələrin ləğv olunması, qeyri-standart və nasaz qızdırıcı avadanlıqların istismardan çıxarılması üçün təxirəsalınmaz tədbirlər görülsün.

Toplantıda rayon Fövqəladə Hallar Komissiyası üzvləri tərəfindən rayonun idarə və təşkilatlarında ilkin yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə olması, qış mövsümü ilə əlaqədar qazanxana və istilik qurğularına dair təhlükəsizlik tədbirlərinin artırılması, məktəbəqədər, orta təhsil və tibb müəssisələrinin istiliklə təminatının ciddi nəzarətdə saxlanılaraq sistematik yoxlanılması, müəssisə və təşkilatların əməkdaşlarının, xüsusi ilə təşkilatlarda gecə növbəsində çalışanların vaxtaşırı təlimatlandırılmasına diqqətin artırılması xüsusi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə