Xalq heç bir zaman polisinə ləkə atılmasına imkan verməz

Sosial şəbəkələrdə polisin fəaliyyəti ilə bağlı qərəzli, məqsədli və sifarişli qara-piar kampaniyası aparan antimilli qüvvələrin bu əməlləri də iflasa məhkumdur

Azərbaycan bu gün, demək olar ki, həyatın bütün sahələrində böyük uğurlar qazanır və ölkəmizin yüksəlişi beynəlxalq aləmdə də etiraf olunur. Ölkəmizdə demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı və ən əsası, sabitlik və təhlükəsizlik tam təmin olunub. Qlobal miqyasda tüğyan edən təhdidlər, terror dalğaları fonunda Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Məhz Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müasir mürəkkəb dünyada sabitlik adası kimi tanınır. Ölkəmizdə vətəndaşlar öz gələcəyi barədə heç bir narahatlıq keçirmirlər.
Əlbəttə ki, bu sabitlik xalqın arzu, istək və iradəsini təcəssüm etdirir. Çünki ictimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir.
Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Sirr deyil ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilib, ictimai etimad qazanıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək, dövlətin mühüm təsisatı kimi formalaşmış və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirib, nailiyyətlərini artırıb.
Azərbaycan polisi bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir və hər bir ölkə vətəndaşı öz polisinə güvənir. Xarici turistlərin Azərbaycana gəlişi, səhərə qədər mərkəzi küçələrdən səngiməyən qələbəliklər, təhlükəsizlik və könül oxşayan mənzərələr Azərbaycan polisinin fədakar fəaliyyətinin yaratdığı nümunədir.
Lakin bütün bunların fonunda bəzi antimilli qüvvələr və onların ölkəmizdəki buyruq qulları son zamanlar sosial şəbəkələrdə Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yaymaqla məşğuldurlar. Özünü guya müxalifət adlandıran, amma fəaliyyətlərinin əsl mahiyyətində dövlətə qarşı xain mövqe tutan, müxtəlif xarici siyasi qurumların alətinə çevrilən qüvvələrin iç üzünü zaman-zaman görmüşük və bu adamlar hər zamankı kimi, xaricdəki ağalarının sifarişlərini icra etməkdədirlər. Ölkəmizin yüksək imicinə zərər vurmağı bu adamlar şəxsi istəkləri ilə deyil, alət olduqları bəzi xarici qüvvələrin istəyi ilə reallaşdırırlar. Onlar indi də hər zaman xalqın keşiyində duran, daxili sabitliyin təmin olunmasında müstəsna rolu olan Azərbaycan polisinə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanda idarəolunmaz bir prosesin olmasını istəyən bəzi dairələr, hər fürsətdə istəyirlər ki, ölkə polisini gözdən salsınlar. Ona görə də sosial şəbəkələrdə, bəzi internet resurslarında uydurma şərhlər, videolar paylaşaraq insanlarda çaşqınlıq yaratmaq istəyirlər. Polisin imicinə kölgə salmaq üçün müxtəlif vasitələrə əl atırlar. Adi bir məsələni şişirdib polisi qaralamağa çalışırlar. Ancaq Azərbaycan xalqı çox gözəl bilir ki, respublikada hüquq qaydasının təmini işində qazanılan uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan, zəruri anda xidməti borcunu hər şeydən, hətta həyatından belə üstün tutan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır.
Azərbaycan polisi ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər kriminal hadisələrin qarşısının alınmasında şərəflə çalışmış daxili işlər orqanlarının şəxsi heyəti üzərlərinə düşən vəzifələri layiqincə həyata keçirirlər. Ölkədə sabitliyin əldə edilib möhkəmlənməsində, dövlətçiliyin qorunmasında, cinayətkarlıqla mübarizədə xidmətlər göstərmiş daxili işlər orqanları həm də milli maraqların ifadəçisidir. Qarabağ savaşında sıralarından yüzlərlə şəhid verib, asayişin mühafizəsində və konstitusion dövlət quruluşunun qorunmasında fədakarlıqlar göstərən polis hər zaman qətiyyətli mövqeyi, vətəninə, xalqına və Prezidentinə sədaqəti ilə seçilib.
Azərbaycan polisi müstəqil ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir və bundan sonra da gələcək. Eyni zamanda, polis-vətəndaş həmrəyliyinin hər gün daha da yaxşılaşmasının bir nümunəsi həm də polisin işinə kölgə salmaq istəyən qüvvələrə tutarlı cavabdır. Sosial şəbəkələrdə polisin fəaliyyəti ilə bağlı qərəzli, məqsədli və sifarişli şərhlər isə antimilli qüvvələrin çirkin kampaniyasının tərkib hissəsidir. Lakin onların Azərbaycan polisinə qarşı apardığı bu qarayaxma iflasa məhkumdur. Xalq heç bir zaman polisinə ləkə atılmasına imkan verməz.

«Səs» Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə