"Düşməni darmadağın edib, ərazi bütövlüyümüzü təmin etməliyik” RƏY-ÖZƏL
“Ermənistan rəhbərliyinin Xankəndində keçirilən mitinq zamanı söylədiyi fikirlər təkcə Paşinyanın deyil, bütün dünya ermənilərinin, ümumilikdə bu dövlətin tutduğu mövqedir. Bununla da onlar bir daha “Böyük Ermənistan” yaratmaq, işğalçılıq siyasətindən əl çəkməyəcəklərini bəyan edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, artıq Ermənistan rəhbərliyi 30 ilə yaxın müddətdir Azərbaycan torpaqlarını işğal etdiklərini boynuna almır, bizim torpaqları tarixən onlara aid olduqlarını iddia edirlər: “Paşinyan da Xankəndində etdiyi çıxışı ilə bu mövqeyin nöqtəsini qoydu. Onlar Azərbaycanı müharibəyə məcbur edirlər. Belə olan halda da Azərbaycan öz münasibətini danışıqlar, etiraz, bəyanat yolu ilə deyil, güc yolu göstərməlidir”
Deputat söyləyib ki, Nikol Paşinyan son bəyanatı ilə ATƏT-in Minsk qrupu həmsədər dövlətləri, BMT-yə və ümumilikdə beynəlxalq hüquqa hörmət etmədiyini bir daha göstərdi: “O dünyaya bəyan etdi ki, beynəlxalq hüququ saymır və öz bildiyini edir. Amma ən pisi odur ki, Ermənistan rəhbərliyinin qanunazidd bəyanatından sonra başda BMT olmaqla, heç bir beyəlxalq təşkilat və ya həmsədr dövlətlər məsələyə münasibət bildirməyiblər. Bildirsələr də, yenə də siyasi iradənin ortaya qoyulması, gərginliyin azaldılması, münaqişənin hərbi yolla mümkünsüzlüyü ilə bağlı nağıllarını oxuyacaqlar. Onsuz da uzun illərdir ki, biz bu nağılları eşidirik”.
Paşinyanın bu cür bəyanatlar səsləndirməyə ürəkləndirənlərin həmsədr dövlətlər olduğunu deyən E. Məmmədov qeyd edib ki, onlar tarixin bütün məqamlarında erməni məsələsini qabardaraq gündəmə gətiriblər: “Məhz həmin dövlətlər erməniləri dünyanın bütün bölgəsindən tarixi Azərbaycan torpaqlarına gətirərək Ermənistan deyilən dövlət yaradıblar. XX-ci əsrin sonunda da torpaqlarımızı işğal edib onlara veriblər. Bu baxımdan həmin dövlətlərdən yaxşı heç nə gözləməməli, öz mövqeyimizi ortaya qoyaraq düşməni darmadağın edib, ərazi bütövlüyümüzü təmin etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB