"Kənd təsərrüfatı məhsulları birinci yerdədir" ÖZƏL-MÜNASİBƏT

"Kənd təsərrüfatı məhsulları birinci yerdədir" ÖZƏL-MÜNASİBƏT

“Əgər 1993-cü illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə faizi cəmi 30 faizə qədər idisə hazırda bitki və bitki təyinatlı məhsullarla ölkəmiz özünü 100 faiz təmin edir. Bir çox meyvələr, məhsullar xaricə ixrac olunur". Bunu SİA-ya milət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsulları birinci yerdədir: "Pambıq liderliyini qoruyub saxlayır, pambıq mahlıcı isə ikinci yerdədir. Bütün bunlar onu deməyə imkan verir ki, kənd təsərrüfatına olan xüsusi diqqət, ənənəvi sahələrin yenidən dirçəldilməsi ümumilikdə Azərbaycanın qeyri-neft sektorunun inkişafına şərait yaradıb”.

A.Badamov əlavə edib ki, hazırda Azərbaycanın heyvandarlıq məhsulları ilə özünü təminetmə səviyyəsi 80 faizdən çoxdur. Onun sözlərinə görə, icra olunan layihələrin, proqramların başa çatacağı dövrdə bu məhsullarla özünü təminetmə səviyyəsi 100 faizə çatacaq: “Çünki Azərbaycanın iqlimi kənd təsərrüfatı məhsullarının hər bir növünün yetişdirilməsinə imkan yaradır. Artıq Azərbaycanda kənd təsərrüfatı yeni əsaslarla inkişaf etdirilir. Kənd təsərrüfatının aqrar sahəsində intensiv becərmə üsulları tətbiq olunur. Bu metodların tətbiq olunması müəyyən olunmuş sahədən daha çox məhsulun, daha keyfiyyətli məhsulun əldə edilməsinə şərait yaradır. Məsələn, bir çox bağçılıq təsərrüfatlarında intensiv becərmə üsullarından istifadə etmək həm əkin sahələrinin tez məhsul verməsinə, həm də hər hektardan alınan məhsulun keyfiyyət və kəmiyyət göstəricilərinin kifayət qədər artmasına şərait yaradır. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün aqroparklar, logistik mərkəzlər inşa olunur. Bu aqroparklar və logistik mərkəzlər təbii ki, müasir elmi əsaslara əsaslanaraq yaradılan sahələrdir. Dövlətimiz çalışır ki, Azərbaycanın kənd təsərrüfatı inkişaf etmiş ölkələrin kənd təsərrüfatları səviyyəsində olsun və oranın texnologiyaları əsasında qurulsun. Əldə olunan nəticələr də onu deməyə imkan verir ki, dövlətimizin yaratdığı bu şəraitdən fermerlər də yetərincə istifadə edirlər və bu sahənin inkişafına öz töhfələrini verirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə