Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə təbii ehtiyatlar talanır
Son vaxtlar dünya mətuatında, efirində Azərbaycanla bağlı ürəkaçan yazıların və verilişlərin təqdim olunduğu zamanda, Azərbaycanın işğal olunmuş ərazisində yerləşən abidələrin ermənilər tərəfindən dağıdılması ilə də bağlı materiallar dərc olunmaqdadır. Elə bu günlərdə Özbəkistanın "interpress.uz" portalında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təbii ehtiyatların talanması ilə bağlı məqalə yerləşdirilib.
Yazıda qeyd edilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində təbii sərvətləri vəhşicəsinə talayır. Ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər nətcəsində, xalqın milli varlığını, onun tarixini əks etdirən abidələr Ermənistan təcavüzkarları tərəfindən dağıdılıb. Ermənistan tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddiasının irəli sürülməsi və zəbt etdikləri ərazilərdə maddi abidələrə qarşı talançılıq siyasətininin yeridilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları Ermənistan ərazisində qalıb və hərbi məqsədlərlə istifadə edilərək, qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Bu sırada Azərbaycanın tanınmış ədiblərinin, eləcə də, musiqiçilərinin ev-muzeyləri, abidə və büstləri də var. Sivilizasiyalı bir əsrdə yaşadığımız zamanda, təəssüflə də olsa qeyd etməliyik ki, Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilir və işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilmir və ona görə də, ekoloji fəlakət yaşanılır.
Ərazimizə qarşı böyük iddialarla çıxış edən Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurmuşdur. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun Konvensiyasına zidd olsa da, işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib.
KOÇARYAN-SARKİSYAN CÜTLÜYÜ QARABAĞ QIZILI İLƏ "HİZBULLAH" TERRORÇULARININ GÜCLƏNMƏSİNƏ KÖMƏK EDİB
Yazıda qeyd olunur ki, bu yaxınlarda İngiltərə tədqiqatçısı Harrold Keyn öz yazılarında və kitabında ermənilərin Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətindən bəhs edib: "O, bu məsələdə Robert Koçaryanın, Serj Sarkisyanın və başqalarının adını çəkib. Keyn yazır ki, Azərbaycanın işğal edilən ərazilərindən çıxarılan qızılın Dağlıq Qarabağdan daşınması maraq doğurur. Belə ki, deklarasiya edilməyən qızıl gizli yollarla Livana aparılır. Burada qiymətli metallar bazarına nəzarət edən ermənilər tərəfindən Livan qızılı kimi satılır". Əvvəllər bu işdə "Kanada Livan Bankı"nın da iştirak etdiyi vurğulanırdı. Keyn yazır ki, Koçaryan-Sarkisyan cütlüyü Qarabağ qızılı ilə "Hizbullah" terrorçularının güclənməsinə kömək edib.
Qeyd edək ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 26 ildir ki, Ermənistan tərəfindən talan edilir.
TƏBİƏTİN SAĞLAMLIĞINA TƏSİRİNİ GÖSTƏRƏN QORUQ VƏ YASAQLIQLAR BU GÜN ERMƏNİ İŞĞALI ALTINDADIR
İşğal altında olan Kəlbəcər ərazisində adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora-faunamıza aid olan qiymətli nümunələr var. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə qırılaraq, mebel istehsalı üçün Ermənistana göndərilib. Elə həmin ərazidə olan ən məşhur mineral su olan "İstisu" bulağı "Karlovı varı" (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə, hətta ondan da üstündür. Tehranın bir sıra ticarət mərkəzlərində Ermənistanda istehsal olunan "Cermuk" mineral suyu satışa çıxarılmışdı. Araşdırmalar nəticəsində, məlum olmuşdur ki, adıçəkilən mineral su Ermənistanın "Cermuk" şirkətlər qrupu tərəfindən Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonu ərazisindəki "İstisu"dan doldurularaq qablaşdırılıb, doldurulmuş qabların üzərində isə Ermənistanın turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılıb.
Azərbaycana məxsus olan və təbiətin sağlamlığına təsirini göstərən qoruq və yasaqlıqlar bu gün erməni işğalı altında olan ərazilərdir. Erməni separatçı qüvvələri tərəfindən ekoloji tarazlığın pozulmasını əks etdirən reallıqlardan biri hələ sovetlər birliyində yaşadığımız illərdə Ermənistan tərəfindən Qarabağın Topxana meşəsində qiymətli ağacları vəhşicəsinə qırılması faktını göstərə bilərik.
Ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir, asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar və ehtiyatlar mənimsənilir. Qeyri-qanuni bir şəkildə Dağlıq Qarabağı işğalda saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımayan ermənilər ekoloji mühitin daha da kəskiləşməsinə zəmin yaradıblar.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB