"Festivalın miqyası onun çəkisini ortaya qoyur" ÖZƏL-MÜNASİBƏT

"Festivalın miqyası onun çəkisini ortaya qoyur" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda keçirilən Avropa Gənclər Olimpiya Festivalı kifayət qədər diqqət çəkən, dünyanın idman ictimaiyyətinin maraqla izlədiyi mühüm idman yarışlarından biridir. 50 iştirakçı ölkədən 3600 idmançının təmsil olunduğu festivalın miqyası onun çəkisini ortaya qoyur". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycana beynəlxalq tədbirlərə ev sahibliyi hüququnun verilməsi ilk növbədə ölkəmizə olan inamın, etibarın nümayişi, dövlətimizin nüfuzunun göstəricisidir: "Artıq heç kimə sirr deyil ki, Azərbaycan Respublikasında mövcud olan stabil və təhlükəsiz mühit ölkəmizdə istənilən böyük beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə imkan yaradır. Və artıq formalaşmış və bütün dünya tərəfindən qəbul edilən Azərbaycan təcrübəsi burada ciddi nəzərə alınır. Azərbaycanda indiyədək keçirilən beynəlxalq mədəniyyət, elm, humanitar, siyasi, iqtisadi, idman tədbirləri ən yüksək səviyyədə həyata baş tutub və bütün bunlar ölkəmizin imicinin formalaşmasında, dünyada tanınmasında xüsusi rol oynamaqdadır.

Hesab edirəm Avropa Gənclər Olimpiya Festivalı ölkəmizin daha da tanıdılması, ölkəmizə turist axınının güclənməsi işinə növbəti təkan olacaq. Tədbirin daha bir müsbət tərəfi hər bir iştirakçının ölkəmizin həqiqətlərini öz ölkələrində təbliğidir, Azərbaycandan aparacaqları təəssüratların yaratdığı effektir. Bildiyimiz kimi bu cür mötəbər tədbirlərin təşkilində ölkə gənclərinin bir qismi həm də könüllü olaraq fəaliyyət göstərir və bu da ölkəmizdə könüllülük hərəkatının növbəti nəslinin yaranması olacaq. Həmçinin, çoxlu sayda gəncimiz könüllülük fəaliyyətindən təcrübələr əldə edəcəklər, müxtəlif ölkələrdən yeni-yeni dostlar qazanacaqlar. Eyni zamanda, 10 idman növündə yarışacaq idmançı gənclərimizin potensiallarını ortaya qoymaları üçün geniş imkanlar yaranacaqdır.

Digər bir toxunulması vacib olan məqam ondan ibarətdir ki, bu cür tədbirlərə ev sahibliyi etmək üçün təkcə istək kifayət deyil, vacib olanlardan biri də ölkənin iqtisadi gücüdür. İqtisadi imkanlarımızın sayəsində artıq ölkəmizdə möhtəşəm idman infrastrukuru, maddi-texniki baza formalaşmışdır. Artıq reallıqdır ki, ölkə başçımızın iradəsi ilə birbaşa nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın hər bir bölgəsində artıq güclü infrastruktur qurulmuşdur, ən ucqar regionda belə ən müasir Olimpiya Kompleksləri, yüksək səviyyəli otellər, digər iaşə obyektləri tikilib istifadəyə verilib.

Hesab edirəm Azərbaycan ev sahibliyi etdiyi Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə başa çatacaq və hər bir beynəlxalq tədbirdə olduğu kimi bu dəfə də öz standartlarını ortaya qoya biləcəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə