Hüsnü Mübarəkə daha bir zərbə

İsveçrə hökuməti Misir prezidenti Hüsnü Mübarəkin istefa qərarından sonra ona və ailəsinə aid bank hesablarının dondurulduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bank hesabları ilə bağlı ətraflı informasiya verilməyib.

 

İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Lars Knuçel hesabların dondurulma qərarının artıq qüvvəyə mindiyini söyləyib. İsveçrə Mərkəz Bankının qeydlərinə görə, ölkədə misirlilərə aid hesablarda 3,6 milyard dollar var. Dünyanın ən zəngin insanlarından biri olduğu bildirilən H.Mübarəkin İsveçrədən başqa İngiltərə banklarında da hesabı var. London, Nyu-York, Los-Anceles kimi şəhərlərdə onun sərvətinin 70 milyard dollar olduğu bildirilir. Lakin bütün bunlar rəsmi olaraq qeydə alınmayıb. H.Mübarəyin həyat yoldaşı və oğullarının sərvəti ilə bağlı da fərqli fikirlər var.

 

Misirdə yazılan bir kitaba görə, H.Mübarəkin 2 oğlu ilə birlikdə sərvəti aşağıdakılardır:

- London, Paris, Madrid, Vaşinqton, Nyu-York və Frankfurtda mülk

- Şarm əl-Şeyxdə malikanə - Misirdə 19 restoranlıq şəbəkə

- "Hyundai" və "Skoda" şirkətlərinin Misir bölməsindəki ortağı

- "Vodafone" şirkətinin Misir şöbəsinin ortağı

- Ölkənin turist bölgələrində bir neçə otel

- Misirin bir çox bölgələrində torpaq sahəsi.

Bütün xəbərlər Facebook səhifəmizdə