Dövlət başçısı İlham Əliyev Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında iştirak edib
Prezident İlham Əliyev fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib.
Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində oldu. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı çay süfrəsi arxasında ailənin üzvləri ilə söhbət etdi.
Sonra dövlətimizin başçısı məhəllədə inşa olunmuş Xocalı şəhər 1 saylı orta məktəbin həyətində pəhləvan Məzahir Qəhrəmanovun nümunəvi çıxışına baxdı və aşıq musiqisini, gənc ifaçıları dinlədi. Prezident İlham Əliyev yeni məhəllənin sakinləri ilə söhbət etdi, xatirə şəkli çəkdirdi.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı barədə məlumat verdi. Bildirildi ki, 20 hektar sahədə salınan məhəllə bütün müvafiq sosial-texniki infrastrukturu olan 12 beşmərtəbəli binadan, 1360 şagird yerlik məktəbdən, 150 yerlik uşaq bağçasından, musiqi məktəbindən və inzibati binadan ibarət olacaqdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında salınan məhəlləyə Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi köçürüləcəkdir.
Birinci mərhələdə 3 yaşayış binası inşa edilib. Onların ümumi sahəsi 11 min 235 kvadratmetrdir. Məhəllədə park və yaşıllıqlar salınmış, Xocalı soyqırımı qurbanlarına xatirə abidəsi də ucaldılıb. Buraya elektrik, qaz və içməli su xətləri çəkilib.
Daha sonra Prezident İlham Əliyev Xocalı şəhər 1 saylı orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. İkimərtəbəli məktəb binasının foyesində ümummilli lider Heydər Əliyevin 2002-ci ilin sentyabr ayında Goranboyun Aşağı Ağcakənd qəsəbəsinin açılışında iştirakı ilə bağlı fotoguşə yaradılıb. Məktəbin sinif otaqlarından əlavə informatika, fizika və riyaziyyat kabinetləri, kimya laboratoriyası, kitabxanası, emalatxana və yeməkxanası da var. İdman zalında isə basketbol, güləş və voleybolla məşğul olmaq mümkündür. Dövlətimizin başçısı burada gənc idmançıların çıxışını izlədi.
Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən, habelə Xocalı faciəsinə dair fotoguşələr yaradılıb.
Məktəb binasının qızdırılması üçün ayrıca qazanxana da inşa olunub. Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev yeni yaşayış məhəlləsindəki Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Prezident İlham Əliyev yeni salınmış məhəllədə görüləcək işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB