“Hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Aİ Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri də düşünürəm ki, bu münasibətlərin ən bariz göstəricisidir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Aİ dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biridir və Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Ona görə də şübhəsiz ki, dünyaya dəyərlər ixrac edən, dünyanın iqtisadi, siyasi tendensiyalarını müəyyənləşdirən bir güc mərkəzi ilə Azərbaycanın öz maraqlarını uzlaşdırması mühüm əhəmiyyətli bir məsələdir. Bu konteksdə düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini xüsusi önə çəkmək lazımdır. Çünki 2018-ci ildə Aİ ilə Azərbaycan arasında “Tərəfdaşlığın Prioritetləri” haqqında memorandum imzalanan zaman da bu məsələ öz əksini tapdı. Donald Tuskun Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görürüşündə də bu məsələnin təkrar olunması və Aİ Şurası Prezidentinin dilindən problemin sülh yolu ilə və “Helsinki” Yekun Aktının prinsiplərinə uyğun olaraq həllinin səsləndirilməsi və Azərbaycan Prezidentin bir daha ərazi bütövlüyünə vurğu etməsi düşünürəm ki, Aİ-Azərbaycan münasibətlərində strateji xətt kimi nəzərdən keçirilməlidir.
Heç şübhəsiz ki, Donald Tusk Azərbaycanda həyata keçirilən meqa layihələri yüksək qiymətləndirdi və Azərbaycanı şimal-cənub, şərq-qərb nəqliyyat kommunikasiyasının mərkəzi hesab etdi. Azərbaycan Prezidenti isə qeyd etdi ki, biz mühüm bir coğrafi mövqedə yerləşirik, ancaq bu coğrafiyanın potensialından milli maraqlar üçün lazımi səviyyədə istifadə edilməyəndə bu sadəcə coğrafiya olaraq qalır. Ona görə də bu coğrafiyada hazırki mövcud siyasətin həyata keçirilməsi heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlərdə nüfuzunu artırmaqla bərabər onun milli maraqlarını təmin edir. Düşünürəm ki, Donald Tuskun Azərbaycan haqqında xoş fikirlər yazması, onu unikal bir dövlət kimi səciyyələndirməsi də elə Azərbaycanla Aİ arasında unikal, özünəməxsus münasibətlərin olmasının göstəricisidir. Bu da əlbəttə ki, Azərbaycanın milli və dövlət maraqlarına uyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB