İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnvestisiya Şəbəkəsinin veb-portalının təqdimatı keçirilib
Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnvestisiya Şəbəkəsinin veb-portalının (http://www.tradeeco.org/) təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf, Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Vergilər, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ticarət və Sənaye Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanları barədə məlumat verərək İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət və investisiya mühitinin inkişafı sahəsində xüsusi rolunu qeyd edib. Bildirilib ki, AZPROMO İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə əlaqələndiricisidir: "İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnvestisiya Şəbəkəsinin daima yenilənən veb-portalı vasitəsilə təşkilata üzv dövlətlərin iqtisadiyyatı, ticarət və investisiya imkanları barədə məlumat əldə etmək mümkündür. Veb-portal həmçinin, Təşkilata üzv ölkələrin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı, məlumat mübadiləsinin həyata keçirilməsi baxımından əhəmiyyətlidir".
A.Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi qurum veb-portaldan iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ticarət və investisiya imkanları ilə bağlı sahibkarlar arasında məlumat mübadiləsinin aparılmasında istifadə edəcək və portalın fəaliyyətinə dəstək göstərəcəkdir. Sonda veb-portalla bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə