BDU-da Qurtuluş Gününə həsr olunan tədbir keçirilib TƏDBİR - SƏS TV

BDU-da Qurtuluş Gününə həsr olunan tədbir keçirilib TƏDBİR - SƏS TV

Bu gün Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Milli Qurtuluş Gününün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından, Ulu Öndərin ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməsindən danışıb. Bildirilib ki, Ümummilli Lider müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi yeni ideologiyanın əsasının qoyub.

E.Babayev diqqətə çatdırıb ki, Ulu Öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüququ verib, öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi olduğunu deyən rektor bildirib ki, Ulu Öndər bütün mənalı həyatını xalqına bəxş edib. Ümummilli Liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Rektor Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağına əminliyini ifadə edib.

BDU-nun kafedra müdiri, millət vəkili Kamilə Əliyeva da Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüb, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideologiyasından danışıb. Diqqətə çatdırıb ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Sonda Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən BDU-nun sifarişi ilə SƏS TV-nin hazırladığı "Qurtuluşdan intibaha doğru" adlı film nümayiş olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə