Lənkəran Şəhər İcra Hakimiyyətində "İnkişafın Azərbaycan modeli" kitabının təqdimatı keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, mərasimdə çıxış edən "Azərbaycan"qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov ölkədə tətbiq edilən iqtisadi inkişaf modelinin istiqamətlərindən danışıb.
O bildirib ki, dünyada tətbiq edilən iqtisadi modellər çoxsaylıdır. Hər ölkənin özünəməxsus inkişaf modeli var.Azərbaycan dövləti də heç bir ölkədən asılı olmayaraq öz inkişaf yolunu müəyyənləşdirir. "İnkişafın Azərbaycan modeli" kitabını da bu sahədə atılan ilk addımlardan biri kimi dəyərləndirmək olar.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov kitabın ideyası və əhəmiyyəti barədə danışaraq onun yaradıcı heyətinə təşəkkürünü bildirib.O qeyd edib ki, kitabda Azərbaycanın iqtisadi inkişaf yolları və bu sahədə həyata keçirilən tədbirlər geniş əhatə olunub.
"Azərbaycan dünyada yeganə dövlətdir ki, ölkənin inkişaf yolları konkret dövlət proqramları ilə müəyyənləşdirilir.Məhz bunun nəticəsidir ki, ölkə iqtisadi inkişaf tempinə görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur",-deyə Tofiq İbrahimov əlavə edib.
Tədbirdə çxış edənlər kitabda Azərbaycanın müstəqillik illərində inkişaf yolunun samballı arqumentlərlə təhlil olunduğunu bildirərək Azərbaycanın inkişaf yolunun Heydər Əliyevin adıyla bağlı olduğunu önə çəkiblər.
Məlumat üçün bildirək ki, "İnkişafın Azərbaycan modeli" kitabının ideya rəhbəri və ön sözün müəllifi Prezident Administrasiyasının(PA) rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsnov, kitabın buraxılışına məsul "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə