Ermənistanda müharibə xofu

Azərbaycan hər zaman müharibəyə hazır olub və indi də hazırdır. Hərbi sferada heç nə dəyişilməyib, hərbi hazırlıq həmişə olduğu kimi yenə də Azərbaycan üçün prioritetdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Razminfo” saytının koordinatoru Karen Vrtanesyan jurnalistlərə açıqlamasında bəyan edib.

"Militarist ritorikada kiçik bir fasilə olsa da, bu fasilə də artıq başa çatıb və Azərbaycandan təhdidlər, təhlükələr gözləniləndir", - deyə sayt koordinatoru bildirib.

Karen Vrtanesyanın sözlərinə görə, Dağlıq Qarabağın geri alınması üçün Azərbaycanın Hərbi Qüvvələrinin konkret ssenariləri də var.

“Azərbaycan hər zaman müharibəyə hazır olub və indi də hazırdır”, - deyə Karen Vrtanesyan bildirib. Azərbaycanla əlaqədar məsələlər üzrə ekspert Anjela Elibeqova isə qeyd edib ki, Qarabağla Ermənistan arasında ayrıseçkilik etmək ölkə üçün çox təhlükəlidir. "Bu, sadəcə, absurd deyil, son dərəcə təhlükəlidir. Çünki indi Azərbaycan məqamı çox yaxşı dəyərləndirir və təbliğat olduqca rahat reallaşır. Bütün Azərbaycan mətbuatı Ermənistan və Dağlıq Qarabağ arasında bir parçalanmanın, ayrıseçkiliyin olduğunu göstərir. Heç bir halda Azərbaycana uğur qazanma şansına malik olduğunu düşünməyə imkan vermək olmaz", - deyə ekspert bildirib.

"Oturduğunuz yerdə sakit oturun", - deyə Karen Vrtanesyan əlavə edib.

“Razminfo” saytının analitiki Ayk Xaçikyan isə öz növbəsində qeyd edib ki, Ermənistanda səsləndirilən siyasi bəyənatları Azərbaycan tərəfi çox rahat şəkildə izləyə bilir və spekulyasiyalar da buna görə başlayır.
“Yəni hər hansı bir hərəkətin məsuliyyəti erməni tərəfinin üzərində qalır. Bizi yaxından izləyirlər və buna müvafiq də hərəkət edirlər”, - deyə Ayk Xaçikyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə