"28 May tarixi xalqımızın həyatına böyük və əlamətdar hadisə kimi daxil olub" AÇIQLAMA-ÖZƏL
“28 May tarixi təkcə Azərbaycanda deyil, Şərqdə ilk Müsəlman Demokratik dövlətin yaradılması günü kimi qeyd edilir. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, Müsəlman Şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb: “1918-ci ildə demokratik dövləti yaradanları düşünəndə onların nə qədər dahi, vətənpərvər, fədai olduğunu görmək mümkündür. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi”.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə Azərbaycan bayrağının üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət bayraqla əvəz olunduğunu deyən E. Məmmədov söyləyib ki, müstəqilliyimiz bərpa olunduqdan sonra üçrəngli bayraq ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırılıb: “Müstəqilliyimiz 1991-ci ildə qəbul olunsa da, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyətə başlayıb”.
Deputat qeyd edib ki, hər bir azərbaycanlı fəxr etməlidir ki, onun müstəqil dövləti var: “50 milyondan çox azərbaycanlının bir Vətəni var ki, o da Azərbaycandır. Bu gün Azərbaycan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən güclü siyasət nəticəsində gündən-günə inkişaf edir, nüfuzu yüksəlir, dünyada mövqeyi daha da möhkəmlənir. Prezident İlham Əliyevin də söylədiyi kimi müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Biz Azərbaycanımızı, dövlətçiliyimizi qoruyub saxlamalı, müstəqilliyimiz, dövlətimizin əbədi olması naminə sıx birləşməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB