Prezident İlham Əliyevin Belçika səfəri əlaqələrin gələcək inkişafına yeni töhfələr verəcək

Prezident İlham Əliyevin Belçika səfəri əlaqələrin gələcək inkişafına yeni töhfələr verəcək

Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəldib

Prezident İlham Əliyevin Belçikaya etdiyi işgüzar səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərdi. Bir daha təsdiq olundu ki, ölkəmiz Aİ üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Ona görə Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycanın regiondakı rolunun bu təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bəyan etdi.Hər bir mötəbər beynəlxalq təşkilatla əməkdaşlıq edilməsi Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Rəsmi Bakının bu məsələdə ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir. Bu məzmun isə, Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir. Aİ ilə əməkdaşlıqda da bu xətt özünü aydın göstərir.Enerji təhlükəsizliyi son vaxtlarda dünyanı və xüsusən, Aİ-ni düşündürən ən vacib məsələyə çevrilib. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi xeyli vaxtdır ki, Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəldib. Prezident İlham Əliyevin hələ 2006-cı ilin noyabr ayında Brüsselə səfəri zamanı imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra əməkdaşlıq yüksələn xətlə inkişaf edib. "Cənub Qaz Dəhlizi" isə, bu əməkdaşlığın bəhrəsidir. Aİ ilk gündən bu layihənin həyata keçirilməsinə dəstək verib və onu özünün prioritetləri sırasına daxil edib.Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində iştirak edən Prezident İlham Əliyev bu barədə danışaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi vasitəsilə Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq davam edir. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb. Trans-Adriatik Boru kəməri isə inşa olunmasının ən son mərhələsindədir.Azərbaycan Aİ münasibətlərinin bir istiqamətini də ticarət əlaqələri təşkil edir. Hazırda bu təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ona üzv dövlətlər ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Azərbaycan xarici ticarət dövriyyəsinin təxminən 42 faizi Aİ üzvü olan ölkələrin payına düşür. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında paraflanan "Tərəfdaşlıq prioritetləri" sənədi isə, rəsmi Bakının həm uğurlu, həm də müstəqil xarici siyasətinin növbəti təsdiqidir. Əməkdaşlığın davamı olaraq, münasibətlərdə yeni səhifə açan sənəddə qeyd edildiyi kimi, münasibətlərin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer aldığı sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Bütövlükdə, bu sənəd ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni zəmin yaradıb. Ən əsası, "Tərəfdaşlıq prioritetləri"ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.Bu gün Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın bu təşkilata üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir. Prezident İlham Əliyevin bu günlərdə Belçikaya səfəri bu əlaqələrin gələcək inkişafına yeni töhfələr verəcək.Məsələ ilə bağlı mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur. BMT, ATƏT, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla olan münasibətlərdəki ölkəmizin qətiyyətli mövqeyi və nüfuzu daim milli maraqlarımızın qorunmasına və təmin edilməsinə əsas yaradıb. Bu kontekstdə Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələri də istisna təşkil etmir.S.Vəliyeva bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər: "Hətta Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malik olan Azərbaycanın İttifaqın üzvü olan doqquz ölkəsi ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Eləcə də, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Eyni zamanda, Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin reallaşdırılmasında mühüm rol oynayır, ölkəmiz Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir".S.Vəliyeva əlavə edib ki, ölkəmizdəki "5-ci kolon" və Qərbdəki iaşə müxalifəti anti-Azərbaycan mərkəzlərinin direktivləri ilə Prezident İlham Əliyevin Brüssel səfəri ərəfəsində siyasi təxribatlar törətməyə, səfərin əhəmiyyətini azaltmağa yönəlmiş qarayaxma kampaniyası təşkil etsələr də, bu, nəticəsiz qaldı: "Çünki səfər çərçivəsində dövlətimizin başçısının keçirdiyi görüşlərdə ortaya qoyulan mövqe və səsləndirilən fikirlər, bir daha isbatladı ki, Avropa İttifaqı Azərbaycana vacib və əhəmiyyətli tərəfdaş kimi baxır, strateji əməkdaşlığa xüsusi önəm verir. Bütün bunlar isə növbəti dəfə radikal müxalifətin uydurma iddialarından ibarət antimilli fəaliyyətini ifşa etdi".

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə