Misir prezidenti Hüsnü Mübarək gecə saatlarında dövlət televiziyası ilə xalqa müraciət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət başçısı sentyabr ayında keçiriləcək prezident seçkisində namizəd olmayacağını açıqlayıb.
Ölkədə baş verən qiyamın siyasi məqsədlərlə təşkil edildiyini söyləyən və müxalifəti günahlandıran H.Mübarək bildirib ki, onun özü haqqındakı qərarı tarix verəcək. O, qeyd edib ki, növbəti prezident seçkisində namizəd olmayacağı ilə bağlı qərarı son hadisələrlə əlaqədar deyil. Misirin 30 illik lideri qərarını yaşın çoxluğu ilə əlaqələndirib.
Çıxışında bundan sonra özünü tamamilə "dinc bir iqtidar dövrünə" həsr edəcəyini ifadə edən H.Mübarək "bura mənim ölkəmdir, burada yaşadım, bura üçün döyüşdüm və burada öləcəyəm", -deyib.
Xalq isə prezidentin çıxışından məmnun qalmayıb. "Biz getməyəcəyik, o gedəcək" deyərək qışqıran etirazçılar prezidentə "cümə günü saraydayıq" xəbərdarlığı verib. Qeyd edək ki, Qahirədəki nümayişçilərin dünən prezident sarayına yürüşü nəzərdə tutulsa da sonradan bu təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB